
Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasına xarici ölkələrdən 354,8 min dollar, Azərbaycanın digər bölgələrindən isə 546,8 min dollar pul köçürülüb.
Yeniavaz.com xəbər verir ki, xaricdən və ölkə daxilindən köçürülən pulların Naxçıvan Muxtar Respublikasının hansı rayonlarına köçürüldüyü barədə məlumat açıqlanmayıb.
Məlumat üçün bildirək ki, daha əvvəl açıqlanan analoji məlumatlarda xaricdən və ölkə daxilindən köçürülən pulların Naxçıvan Muxtar Respublikasının hansı rayonlarına daxil olduğu, eyni zamanda vəsaitin hansı ölkələrdən köçürüldüyü qeyd olunurdu. Bu ilin yanvar ayı üçün açıqlanan məlumatda isə belə bir statistikaya yer verilməyib.
Müqayisə üçün bildirək ki, ötən ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasına xarici ölkələrdən 488,3 min dollar, Azərbaycanın digər bölgələrindən isə 759,6 min dollar pul köçürülüb.
Ötən ilin yanvar ayında xaricdən ən çox vəsait iki ölkədən – Türkiyədən (336,3 min dollar) və Rusiyadan (51,9 min dollar) köçürülüb. Bundan başqa, Naxçıvana Gürcüstandan 33,3 min dollar, ABŞ-dən isə 29,2 min dollar köçürülüb. Köçürülən pulların əksəriyyəti isə Naxçıvan şəhərinin (206,6 min dollar) və Kəngərli rayonunun (78,5 min dollar) payına düşüb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz