“Formula 1” Yaxın Şərqdə yarışları dayandıra bilər


Yaxın Şərqdəki münaqişə ilə əlaqədar Fars körfəzi ölkələrində keçiriləcək “Formula 1” Dünya Çempionatının mərhələləri ləğv edilə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, yeni “Formula 1” mövsümü bu həftə sonu Avstraliyanın Melburn şəhərində başlayır. Yarışların aprel ayında Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır. Hər iki ölkə Amerika hərbi bazalarının orada yerləşdirilməsi ilə bağlı İranın hücumuna məruz qalıb.
Nəşr Fars körfəzi ölkələrində yarışların keçirilməsi ilə bağlı qərarın mart ayının sonuna qədər veriləcəyini proqnozlaşdırır. Təşkilatçılar hazırda vəziyyəti aktiv şəkildə izləyir.
Qeyd olunur ki, yarışların Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi mümkün olmasa, yeni mövsümdə Dünya Çempionatı 22 yarışa qədər qısaldıla bilər.
Başqa bir variant isə yarışların başqa ölkələrə keçirilməsidir. Variantlar arasında İstanbul, Portimao (Portuqaliya) və İmola (İtaliya) yer alır.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hücumu Tehrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki hədəflərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəfləri də zərbələrə məruz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top