
Bakı-Ələt-Qazax magistral avtomobil yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes Atego” markalı yük avtomobilinin “Shacman” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Mercedes Atego” markalı yük avtomobilində vətəndaşlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaşlar, 1972-ci il təvəllüdlü Məmmədov Namiq Xalid oğlu və 2000-ci il təvəllüdlü Babaşov Emil Ramiz oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz