Xameneinin yerini Trampa Netanyahu deyibmiş... – “Yaxın Şərqi dəyişdirən” söhbət


Hücumdan beş gün əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında İrana qarşı əməliyyatın başlamasında həlledici rol oynayan telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Portalın məlumatına görə, onlar Xameneinin yüksək vəzifəli müşavirlərilə planlaşdırılan görüşü barədə müzakirə aparıblar və bu məlumat Xameneiyə qarşı sui-qəsdin həyata keçirilməsi üçün fürsət kimi qiymətləndirilib.
“Axios” xəbər verir ki, İsrail və ABŞ Netanyahu və Tramp arasında fevralın 23-də baş tutan telefon danışığı zamanı İranı bombalamağa başlamaq barədə razılığa gəliblər.
Netanyahu Trampa İranın Ali Lideri Əli Xameneinin 28 fevralda müşavirləri ilə görüşəcəyini bildirib. Portal yazır ki, onlara zərbə endirmək imkanı hər iki siyasətçi üçün o qədər cəlbedici olub ki, onlar bundan imtina edə bilməyiblər.
“Axios” bu söhbəti dönüş nöqtəsi adlandırıb və İranla “Yaxın Şərqi dəyişdirən” müharibənin başlanğıcı olduğunu bildirib.
Ağ Ev rəhbəri Xamenei ilə bağlı kəşfiyyat məlumatlarını öyrənməzdən əvvəl də İrana zərbə endirməyə meylli olub, lakin Netanyahu ona zəng edənə qədər bunun nə vaxt baş verəcəyinə qərar verməyib.
Amerika və İsrail rəsmilərinin məlumatına görə, liderlər müharibədən əvvəlki iki ayda iki dəfə görüşüb və 15 dəfə telefonla danışıblar.
Portalın məlumatına görə, ABŞ və İsrail bir həftə əvvəl hücuma başlamağı düşünüblər, lakin pis hava şəraiti də daxil olmaqla kəşfiyyat və əməliyyat riskləri ilə əlaqədar hücumu təxirə salıblar.
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Trampın göstərişi ilə topladığı ilkin məlumatlar da İsrail kəşfiyyatının məlumatlarını təsdiqləyib.
ABŞ rəsmilərinin sözlərinə görə, zəngdən sonrakı gün Amerika lideri Konqresdə illik “Birlik Vəziyyəti” haqqında çıxış edib və çıxışı zamanı o, ayətullahı hücumdan əvvəl yeraltı sığınacaqlara çəkilməyə məcbur etməmək üçün İran məsələsinə çox diqqət yetirməmək barədə “şüurlu qərar” verib.
Cümə axşamı, 26 fevral tarixinə qədər isə MKİ məlumatları tam təsdiqləyib. Elə həmin gün Trampın kürəkəni Cared Kuşner və prezidentin xüsusi nümayndəsi Stiv Uitkoff iranlılarla saatlarla danışıqlar aparıb. Danışıqlardan sonra onlar Cenevrədən zəng edərək danışıqların nəticəsiz qaldığını bildiriblər.
Bir məmurun sözlərinə görə, Uitkoff və Kuşner Ağ Ev rəhbərinə bunları bildiriblər: “Əgər diplomatiyadan istifadə etmək qərarına gəlsəniz, biz israr edəcək və razılaşma üçün mübarizə aparacağıq. Lakin onlar bizə göstərdilər ki, sizi qane edəcək bir razılaşma əldə etməyə hazır deyillər”.
“Axios”un məlumatına görə, daha sonra, 27 fevral cümə günü yerli vaxtla saat 15:38-də Tramp son əmri verib. On bir saat sonra isə Tehran vurulub və Xamenei öldürülüb.
“The Washington Post” qəzeti mənbələrə istinadən bildirib ki, Tramp bu qərarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın və Netanyahunun çoxsaylı zənglərindən sonra verib.
Digər tərəfdən, “Financial Times" qəzeti İsrail kəşfiyyatının Tehrandakı yol hərəkəti kameralarını sındıraraq Xameneini izlədiyini və kameraların görüntülərini şifrələyərək Təl-Əviv və cənubi İsraildəki serverlərə ötürdüyünü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top