“Warner Bros.” “Taxt Oyunları”nın tammetrajlı prikveli üzərində işləyir


“Warner Bros.” “Taxt oyunları” serialının tammetrajlı prikveli üzərində işə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Bildirilib ki, filmin ssenari müəllifi “Kartlar evi” və “Andor” serialları ilə tanınan Bo Uillimon olacaq. Rejissor və aktyor heyəti hələ açıqlanmayıb.
Nəşrin məlumatına görə, prikvel Denis Villeneuvenin “Dune” filmi ilə müqayisə edilə bilən genişmiqyaslı bədii film kimi düşünülüb.
Filmdə hadisələr “Taxt oyunları”nın hadisələrindən təxminən 300 il əvvəl baş verəcək. Prikvel, Dəmir taxtda oturan ilk kral olan və əjdahaların köməyi ilə Vesterosu fəth edən Fatih Aegon kimi də tanınan I Aegon Tarqarienin hekayəsinə əsaslanacaq.
Qeyd edək ki, “Taxt oyunları” fantastik serialı Corc R.R. Martinin “Buz və od mahnısı” roman seriyasına əsaslanır. Serial 2011-ci ildən 2019-cu ilə qədər HBO kabel kanalında yayımlanıb və həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Serial bir neçə nüfuzlu mükafat, o cümlədən müxtəlif kateqoriyalarda 38 “Emmy” mükafatı qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top