
4 mart 2026-cı il tarixindən etibarən “AniPay” mobil tətbiqinin və “anipay.az” internet səhifəsinin fəaliyyəti dayandırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Bank tərəfindən qərar qəbul olunub.
Bildirilir ki, bu qərar rəqəmsal ödənişlər bazarında rəqabət mühitinin genişləndirilməsi və ödəniş xidmətlərinin inkişafının təşviq edilməsi məqsədilə qəbul edilib. Qeyd olunan tarixdən etibarən analoji xidmətin maliyyə sektoru iştirakçıları tərəfindən davam etdirilməsi nəzərdə tutulur. Belə ki, “AniPay” funksiyaları artıq mobil bank tətbiqlərində mövcuddur.
Məlumatda həmçinin qeyd olunur ki, “AniPay” tətbiqinin və internet səhifəsinin fəaliyyətinin dayandırılması ölkədə maliyyə sektoru iştirakçıları üçün yeni imkanlar yaradacaq, rəqabəti və innovativ həllərin inkişafını daha da sürətləndirəcək.
Bu qərar Mərkəzi Bankın ödəniş xidmətlərinin təşviqinə yönəlmiş inkişaf strategiyasının bir hissəsidir. Bu addım banklar və digər ödəniş xidmətləri təchizatçıları üçün bazarda daha fəal iştirak etmək üçün şərait yaradacaq.
Məlumat üçün qeyd edək ki, mütəxəssislər “AniPay”in fəaliyyətinin dayandırılmasının istifadəçilər üçün müəyyən çətinliklər yaradacağını düşünürlər. Belə ki, bir neçə bankda hesabı olanlar üçün vahid tətbiq olan “AniPay” daha rahat olduğu bildirilir. Hesab edirlər ki, bundan sonra hər bankın öz tətbiqinə ayrı-ayrılıqda daxil olmaq lazım gələcək. Bəzi ekspertlər belə fikirləşirlər ki, “AniPay” Mərkəzi Bankın nəzarətindən çıxdığı üçün banklar rəqabət bəhanəsi ilə gələcəkdə bu xidmət üçün gizli və ya aşkar komissiyalar tətbiq edə bilərlər. Eyni zamanda qeyd olunur ki, bütün bankları birləşdirən vahid və tərəfsiz platformanın yoxluğu bəzi kiçik bankların bu rəqabətdə geri qalmasına səbəb ola bilər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz