
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı gözləniləndən fərqli olaraq neftin kəskin bahalaşmasına səbəb olmayıb.
Yeniavaz.com xəbər verir ki, münaqişənin ilk saatlarında qiymətlər yüksəlsə də, sonradan sabitləşmə müşahidə olunub.
“Brent” markalı neftin fyuçersləri martın 1-nə ötən gecə ticarətin açılışında 13% artaraq 81,5 dollara çatıb ki, bu da 2025-ci ilin yanvarından bəri ən yüksək göstərici olub. Lakin martın 2-si axşam saatlarına doğru qiymət 3,6% azalaraq 78,6 dollara düşüb. Pik hədd 82 dollar səviyyəsində qeydə alınsa da, bazar ertəsi günortadan sonra qiymətlər 80 dollardan aşağı enib.
Bazar üçün əsas risk amili Hörmüz boğazı ətrafındakı vəziyyətdir. İran, BƏƏ və Oman arasında yerləşən, uzunluğu 161 kilometr olan bu boğaz Fars körfəzini Hind okeanı ilə birləşdirir. Ən dar nöqtəsində eni təxminən 34 kilometrdir.
2025-ci ildə bu marşrut vasitəsilə gündəlik təxminən 13 milyon barel neft daşınıb ki, bu da qlobal dəniz neft ticarətinin 31%-ni təşkil edib. Hörmüz boğazında bir neçə tankerə mərmi dəyməsi regionda gərginliyi artırıb.
Əgər İran boğazdan nəqliyyatı qismən də olsa bloklasa, analitiklərin fikrincə, neftin qiyməti barel üçün 100 dollardan yuxarı qalxa bilər. Bununla belə, İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına müsahibəsində bildirib ki, Tehran hazırda boğazı bağlamağı planlaşdırmır və hərbi əməliyyatlar qonşu ölkələrə deyil, ABŞ qüvvələrinə yönəlib.
Buna baxmayaraq, “Reuters”in məlumatına görə, bir çox iri neft şirkətləri və tanker sahibləri Hörmüzdən keçən daşımaları müvəqqəti dayandırıb. Martın 1-i axşamına olan məlumata əsasən, azı 150 neft və LNG tankeri Fars körfəzində lövbər salıb.
Analitiklər hesab edir ki, qiymətlərin kəskin artmamasının bir neçə səbəbi var. Hazırda qlobal bazarda gündəlik 2–2,5 milyon barel həcmində neft profisiti mövcuddur.
Bundan əlavə, Çin son illərdə strateji ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb və hazırda bir milyard bareldən çox neft ehtiyatına malikdir. Hindistan sahillərində isə Rusiya və İrana məxsus təxminən 130 milyon barel satılmamış neft tankerlərdə saxlanılır.
Boğaz bağlansa belə, regiondan ixrac tam dayanmayacaq. Səudiyyə Ərəbistanı neftin bir hissəsini Qırmızı dənizdəki Yanbu limanına boru kəməri ilə nəql edə bilir, BƏƏ isə Fuceyra limanı vasitəsilə Hörmüzü keçmədən ixrac imkanına malikdir.
Qiymətlərə təsir edən digər amil isə OPEC+ ölkələrinin hasilatı artırmaq qərarı olub. Martın 1-də səkkiz OPEC+ ölkəsi aprel ayı üçün gündəlik hasilatı 206 min barel artırmaq barədə razılığa gəlib. Rusiyanın kvotası isə 62 min barel artırılaraq gündəlik 9,64 milyon barelə çatdırılıb.
Kvotaların hətta kiçik artımı belə qiymətlərin 80 dollar səviyyəsində sabitləşməsinə təsir edib. Daha böyük artım halında isə “Brent”in qiyməti 74–75 dolları keçməyə bilərdi.
Analitiklərin ümumi qənaətinə görə, mövcud vəziyyət qısa müddətdə Rusiya üçün müəyyən üstünlüklər yaradır. Yaxın Şərqdə gərginlik artdıqca Rusiya neftinə tətbiq olunan endirimin azalması və neft-qaz gəlirlərinin artması mümkündür. Xüsusilə, Hindistanın yenidən Rusiya neftinə maraq göstərə biləcəyi ehtimal edilir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz