
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail və ABŞ-nin İrana hücumu ilə bağlı danışıb.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, XİN rəhbəri Türkiyənin müharibəni gecikdirdiyini bildirib.
Fidan bunun üçün Türkiyənin tərəflərə yaradıcı həllər təklif etdiyini xatırladıb.
“Əslində, müharibə daha tez başlayacaqdı, biz bu səylərlə bir az da gecikdirdik. Bəlkə də, bu səylər nəticə verə bilərdi, amma onlar köhnə üsula qayıtmağı üstün tutdular. Danışıqların ortasında müharibə başladı. İranlılar, müharibənin danışıqların ortasında başlamasını diplomatiyaya xəyanət kimi qiymətləndirirlər. Bundan sonra nə baş verəcəyini ciddi şəkildə düşünməliyik. Əlbəttə ki, hücum edən qüvvələrin niyyətlərinə baxmalıyıq. Düşünürəm ki, İsrail və ABŞ İranın gələcəkdə təhlükəyə çevrilməsinin qarşısını almağa çalışacaqlar”, - XİN rəhbəri bildirib.
Fidan məsələnin hərbi, təhlükəsizlik, siyasi, iqtisadi və enerji istiqamətlərini ayrı-ayrılıqda araşdırdıqlarını və mümkün ssenarilərə uyğun olaraq atıla biləcək addımlar üçün hazırlıqlar apardıqlarını bildirib.
“Əsas istəyimiz və tələbimiz aydındır: qarşılıqlı hücumlar dərhal dayandırılsın və diplomatiya yenidən başlasın”, - o, əlavə edib.
ABŞ-İsrail hücumlarından sonra İranın bəzi regional ölkələrdə müəyyən etdiyi hədəflərə qarşı cavab tədbirlərinin Türkiyəni hədəfə alıb-almayacağı sualına isə Fidan belə cavab verib: “Mən İran məsələsindən asılı olmayaraq danışıram; Türkiyə həmişə özünü müdafiə edəcək. Bizim bunu etmək üçün həm iradəmiz, həm də qabiliyyətimiz var”.
Tətbiqimizi yükləyə bilərsiniz