
Alimlər qripə qarşı uzunmüddətli və çoxsaylı virus növlərini əhatə edən universal peyvənd üzərində işləyirlər.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, dünyada hər il təxminən bir milyard insan qripə yoluxur və ildə 290 mindən 650 minədək insan bu xəstəlik səbəbindən həyatını itirir.
ABŞ-nin Şimali Karolina ştatındakı Duke Universitetinin professoru Nikolas Heaton bildirir ki, qrip virusu daim dəyişdiyi üçün hər il yeni peyvənd vurulmasına ehtiyac yaranır. Mövsümi peyvəndlər bir çox ölüm və ağırlaşmanın qarşısını alır, lakin onların effektivliyi həmin il virusun hansı ştamının yayılmasından asılıdır.
Hazırda dünyada təxminən ondan çox universal qrip peyvəndi klinik sınaq mərhələsindədir. ABŞ-nin Minnesota Universiteti İnfeksion Xəstəliklər üzrə Tədqiqat və Siyasət Mərkəzinin tədqiqatçısı Culi Ostrovski bu layihələri “möhtəşəm təşəbbüslər toplusu” adlandırsa da, prosesin mürəkkəb və uzunmüddətli olduğunu qeyd edir.
Qeyd edək ki, virusun səthində yerləşən hemaqlütinin (H) və neyraminidaza (N) adlı zülallar mutasiyaya uğrayaraq müxtəlif alt tiplər – məsələn, H1N1 və H3N2 yaradır. Bu dəyişikliklər peyvəndin hər il yenilənməsini zəruri edir.
Hər il fevral və sentyabr aylarında Ümumdünya Səhiyyə Təşkilatı ekspertləri növbəti mövsüm üçün hansı ştamların peyvənd tərkibinə daxil ediləcəyini müəyyənləşdirir. Lakin virusun gözlənilməz mutasiyaları proqnozları çətinləşdirir.
Universal peyvənd necə işləyəcək?
ABŞ-nin Nyu-York şəhərində yerləşən Mount Sinai Tibb Məktəbinin alimi Florian Krammer virusun daha az dəyişən hissələrini hədəf alan peyvənd üzərində çalışır. Onun sözlərinə görə, məqsəd immun sistemini virusun tez mutasiyaya uğramayan hissəsinə qarşı “öyrətməkdir”.
Nikolas Hitonun komandası immun sisteminə hemaqlütinin zülalının 80 mindən çox variasiyasını təqdim etməklə orqanizmi virusun sabit hissələrinə reaksiya verməyə təşviq edən metod hazırlayıb. İlkin nəticələr ümidverici olsa da, hələ insan üzərində klinik sınaqlara başlanılmayıb.
Hitonun fikrincə, “bir dəfə vurulan və ömürlük qoruyan” universal peyvənd hələlik uzaq hədəfdir. Lakin yaxın 5-10 il ərzində daha geniş qoruma təmin edən və daha effektiv qrip peyvəndinin istifadəyə verilməsi real görünür.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz