Nazirliyə məxsus qurum Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə imzaladı


Kənd Təsərrüfatı Nazirliyinə bağlı olan Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzi “Kaspian Telekom” MMC (VÖEN – 1500545191) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Satınalma internet xidmətlərinin alınması ilə bağlıdır.
Məlumat üçün bildirək ki, Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan “Kaspian Telekom” MMC uzun illərdir özəl və dövlət qurumlarına, bank sektoruna fiber-optik texnologiya bazasında müxtəlif İKT xidmətləri göstərir. “Kaspian Telekom” MMC eyni zamanda “Ailə TV” kabel televiziyası və “Ailə NET” internet provayderi tərəfindən göstərilən xidmətlərin sahibidir.
Şirkət tərəfindən açıqlanan məlumatda göstərilir ki, “Kaspian Telekom” MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən genişmiqyaslı fiber-optik infrastruktura malikdir, eyni zamanda SWIFT xidmətini göstərən ən böyük şirkətdir.
Qeyd edək ki, 28 iyul 2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı “İstiqlaliyyət küçəsi, ev 11, mənzil 17”də yerləşir.
“İstiqlaliyyət küçəsi, ev 11” ünvanı eyni zamanda Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır.
“Kaspian Telekom” MMC-nin qanuni təmsilçisi isə Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.
Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Əliyev Fikrət Əlisəftər oğlunun vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən qısa müddət sonra Fikrət Əliyev AMEA İşlər İdarəsinin müdir müavini təyin olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top