
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar ayında Mərkəzi Bankın notlarının faiz dərəcələrində azalma qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi göstəricilərə istinadən xəbər verir ki, ötən ilin yanvar ayında 7,3% ilə təklif edilən 168 günlük notlar bu ilin yanvar ayında 6,7% ilə təklif edilib.
Bundan başqa, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar ayında faiz dərəcələri 252 günlük notlar üzrə 7,5%-dən 6,7%-ə düşüb.
Mərkəzi Bankın dövriyyədə olan notlarının ümumi dəyəri isə ötən ilin yanvar ayında 153,2 milyon manat olduğu halda, bu ilin yanvar ayında 374,3 milyon manata yüksəlib.
Qeyd edək ki, notlar Mərkəzi Bank tərəfindən bir ilədək müddətə buraxılan adlı sənədsiz dövlət güzəştli qiymətli kağızlardır. Mərkəzi Bank müəyyən müddətə (28 gün, 84 gün, 168 gün və s.) notlar buraxır və onları banklara satır. Banklar bu notları alaraq Mərkəzi Banka pul verirlər və müddət bitəndə həmin pulu faizlə birlikdə geri alırlar. Notlar dövriyyədə olan pul kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulan pul siyasəti vasitəsidir. Adətən dövriyyədə çox pul olan zaman inflyasiya riskini azaltmaq üçün Mərkəzi Bank notlar buraxır, həmçinin faiz dərəcəsini yüksəldərək bazardakı pul kütləsini toplamağa çalışır.
Notların faiz dərəcəsinin aşağı düşməsi o deməkdir ki, inflyasiya təzyiqi azalıb və bu səbəbdən Mərkəzi Bank artıq bazardan pul yığmaq üçün ötənilki qədər yüksək faiz təklif etmir. Faizlərin düşməsinə baxmayaraq, satılan notların həcminin 2,4 dəfə artması isə onu göstərir ki, banklarda artıq likvidlik var. Banklar əllərində olan artıq vəsaiti real sektora (biznesə və ya istehlaka) kredit kimi vermək əvəzinə, daha təhlükəsiz olan Mərkəzi Bank notlarına yerləşdirməyə üstünlük verirlər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz