
Dünya bazarlarında neft qiymətləri Yaxın Şərqdə baş verən son hərbi hadisələr fonunda ciddi şəkildə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra enerji bazarlarında tədarükün pozulacağı ilə bağlı narahatlıqlar güclənib.
Londonun “ICE Futures” birjasında Brent markalı neftin may fyuçersləri səhər saatlarında 4,77 dollar (6,55%) bahalaşaraq 77,64 dollar/barelə çatıb.
ABŞ-nin “New York Mercantile Exchange” (NYMEX) birjasında isə WTI markalı neftin aprel fyuçersləri 4,24 dollar (6,33%) artaraq 71,26 dollar/barelə yüksəlib.
Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail tərəfindən İran ərazisinə genişmiqyaslı raket zərbələri endirilib. Hücumlar zamanı ölkənin siyasi və hərbi rəhbərliyinə aid obyektlər hədəf alınıb və İranın ali dini lideri Əli Xamenei həlak olub.
“The New York Times” qəzetinin “Kpler” şirkətinə istinadən yaydığı məlumata görə, Hörmüz boğazı üzərindən gəmi hərəkəti ciddi şəkildə azalıb. Hazırda əsasən yalnız İran tanker gəmiləri bu marşrutdan istifadə edir.
Dünya üzrə neft daşımalarının təxminən 20%-i məhz bu strateji boğazdan keçir. Danimarkanın nəhəng gəmiçilik şirkəti “Maersk” də təhlükəsizlik səbəbilə Hörmüz boğazından keçən bütün reyslərini qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.
Bildirilir ki, İranın cavab tədbirləri çərçivəsində neft tanker gəmilərinə hücumlar etməsi ehtimalı tədarük risklərini ciddi şəkildə artırır.
Bu arada OPEC+ ölkələri aprel ayı üçün hasilat planını gündəlik 206 min barel artırmaq barədə razılığa gəlib. Bununla belə, faktiki artımın təxminən 166 min barel olacağı gözlənilir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz