
Mikrodalğalı sobada qızdırmaq üçün nəzərdə tutulan hazır yeməklər gündəlik həyatın rahat seçimlərindən biri hesab olunur.
Yeniavaz.com xəbər verir ki, “Greenpeace International” təşkilatının yeni hesabatı bu məhsulların həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi və gizli zərər verə biləcəyi barədə xəbərdarlıq edir.
Hesabatda plastik qablaşdırmada satılan hazır yeməklərlə bağlı sağlamlıq risklərini araşdıran 24 elmi tədqiqat təhlil olunub. Sənədə əsasən, qızdırma zamanı yüz minlərlə mikro və nanoplastik hissəcik qidaya keçə bilər. Bu hissəciklərlə yanaşı, insan orqanizminə potensial təhlükəli kimyəvi maddələr də daxil olur.
“Greenpeace” təşkilatının plastik çirklənməsinə qarşı qlobal kampaniyasının rəhbəri Qrem Forbes bildirib ki, bir çox istehlakçı plastik qablaşdırmada olan yeməyi alıb qızdırarkən zərərsiz seçim etdiyini düşünür. Onun sözlərinə görə, əslində insanlar “qida ilə heç bir əlaqəsi olmamalı olan mikroplastik və təhlükəli kimyəvi maddələrin kokteyli”nə məruz qalırlar.
Hesabatda qeyd olunur ki, plastik qabların zərəri yalnız istifadə mərhələsi ilə məhdudlaşmır. Onların istehsalı üçün fosil yanacaqların çıxarılması, enerji tutumlu istehsal prosesi və utilizasiya mərhələsi ətraf mühitə əlavə yük yaradır. Çoxqatlı materiallardan hazırlanan birdəfəlik qabların təkrar emalı isə olduqca çətindir.
Plastik tullantılar zamanla mikro və nanoplastiklərə parçalanaraq torpaqda, çaylarda və okeanlarda toplanır, heyvanlara zərər verir və yenidən qida zənciri vasitəsilə insanlara qayıdır. Hətta təkrar emal olunduqda belə, plastik keyfiyyətini itirə və yeni məhsulların tərkibində təhlükəli qatqıları yenidən ifraz edə bilər.
Sənəddə “mikrodalğalı soba üçün uyğundur” kimi işarələrin istehlakçılarda yanlış təhlükəsizlik təəssüratı yaratdığı vurğulanır. Müəlliflərin fikrincə, bu markalanma əsasən qabın struktur dayanıqlığını göstərir, lakin onun qidaya mikroplastik və ya kimyəvi maddə buraxıb-buraxmadığını əhatə etmir.
Tədqiqatlardan birinə görə, cəmi beş dəqiqəlik mikrodalğalı qızdırma zamanı model qida mühitinə 326 mindən 534 minədək mikro və nanoplastik hissəcik keçə bilər. Nanoplastiklər o qədər kiçikdir ki, potensial olaraq orqanlara və qan dövranına nüfuz edə bilər.
Hesabatda həmçinin bildirilir ki, plastik materialların tərkibində 4 200-dən çox təhlükəli kimyəvi maddə mövcuddur və onların əksəriyyəti qida qablaşdırmasında tənzimlənmir. Bu maddələrin bir qismi xərçəng, sonsuzluq, hormonal və maddələr mübadiləsi pozuntuları ilə əlaqələndirilir. Qida ilə təmasda olan plastikdən qaynaqlanan azı 1 396 kimyəvi maddə artıq insan orqanizmində aşkar edilib. Onların neyroinkişaf pozuntuları, ürək-damar xəstəlikləri, piylənmə və ikinci tip diabetlə mümkün əlaqəsinə dair sübutların artdığı qeyd olunur.
Müəlliflər bildirirlər ki, yüksək temperatur, uzunmüddətli qızdırma, köhnəlmiş qabların istifadəsi və yağlı qidalar plastik hissəciklərin və kimyəvi qatqıların qidaya keçməsini daha da artırır.
Hesabatda vurğulanır ki, dünyada qida qablaşdırmasından mikroplastik ayrılmasını tənzimləyən mövcud qaydalar yetərli deyil və sənaye tərəfindən problemin inkar edilməsi daha sərt normativlərin qəbulunu gecikdirir.
Tətbiqimizi yükləyə bilərsiniz