
OPEC+ Yaxın Şərqdən karbohidrogen tədarükündə yaranan fasilələr fonunda neft hasilatını gündəlik 206 min barel artırmaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, “Reuters” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, qərarın əsas səbəbi Hörmüz boğazı üzərindən daşımaların təhlükə altına düşməsidir.
Agentlik bildirir ki, təşkilat daxilində hasilatın daha da artırılaraq gündə 548 min barelə çatdırılması məsələsi də müzakirə olunub. Bununla belə, analitiklər artımın “orta səviyyədə” olduğunu qeyd edirlər. Səbəb kimi OPEC+ ölkələrinin əksəriyyətində ehtiyat hasilat gücünün məhdud olması göstərilir. İstisna olaraq Səudiyyə Ərəbistanı və BƏƏ qeyd olunur, lakin bu ölkələr də bölgədəki naviqasiya problemləri səbəbindən ixrac məhdudiyyətləri ilə üzləşirlər.
Mənbələrin sözlərinə görə, Ər-Riyad son həftələrdə mümkün hərbi eskalasiya fonunda istehsal və ixracı artırıb. Region liderləri isə ABŞ-ı xəbərdar ediblər ki, İran ilə münaqişənin dərinləşməsi neftin qiymətini bir barel üçün 100 dollardan yuxarı qaldıra bilər.
Hazırda isə qiymətlər artıq artım nümayiş etdirərək 2025-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə - 73 dollara çatıb. Bu artım dünya neftinin 20%-dən çoxunun daşındığı Hörmüz boğazında tədarükün pozulması riskləri ilə əlaqələndirilir.
Eyni zamanda, Asiya ölkələri mümkün enerji böhranına hazırlaşmağa başlayıb. Xüsusilə Çin və Yaponiya kimi iri idxalçılar ehtiyatlarını yenidən qiymətləndirir və alternativ təchizat marşrutlarını nəzərdən keçirirlər. Məlumata görə, Yaponiya şirkətləri boğazdan keçən daşımaları dayandırıb, Hindistan isə alternativ marşrutlar axtarır.
Bölgədə təhlükəsizlik vəziyyəti də gərgin olaraq qalır. Bildirilir ki, azı 150 neft və qaz tankeri Hörmüz boğazı yaxınlığında açıq sularda lövbər salıb. Bu gəmilərin əksəriyyəti İraq, Səudiyyə Ərəbistanı və Qətər sahilləri yaxınlığında yerləşir.
Daha əvvəl İran İnqilab Keşikçiləri Korpusu boğazın bağlandığını elan etsə də, rəsmi Tehran bu məlumatı təsdiqləməyib. Bununla yanaşı, bölgədə tankerə hücum və sığorta risklərinin artması xəbərləri enerji bazarlarında qeyri-müəyyənliyi daha da gücləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz