
Kim istəməz ki, evə gəlişi toy-bayram olsun; kim istəməz ki, hörməti saxlanılsın; kim istəməz ki, dörd tərəfdən sevgi ilə əhatə olunsun... Əlbəttə, hər kəs istəyər.
Əslində, bu istədiklərimiz elə ailə səadətidir. Ancaq bu səadəti qazanmaq üçün ən yaxın ətrafına lazım olan sevgini göstərməyi də bacarmalısan. Sevgi uman gərək öz ətrafını bunlara layiq olduğuna inandırsın.
Sən başqalarından umduğun kimi, başqaları da səndən umur. Eyni münasibət ailə daxilindəki münasibətlər üçün də etibarlıdır. Ən yaxın adamlar arasında belə umu-küsünün, təmənnanın olmadığını iddia etmək qeyri-səmimi səslənir.
Evdə sakitlikdir, nə yola saldığı iş günündən danışan var, nə də başqalarından bir şey soruşan. Hər kəs öz fikirləri ilə, öz problemləri ilə məşğuldur. Elə bil, hər kəs öz hisslərini, fikirlərini, düşüncələrini iş yerində, küçədə, həyətdə qoyub gəlib.
Ailə - fərdlərin bir-birini darıxdırdığı yer deyil, fərdlərin bir-biri üçün darıxdığı yerdir.
Ailədə beş nəfərsiniz, ancaq nə süfrə ətrafında, nə televizor qarşısında oturanda hal-əhval tutursunuz. Elə bil tamam başqa, yad adamlarsınız. Heç kim heç kimin dərd-səri ilə maraqlanmır, heç kim heç kimdən köməyə ehtiyacı olub-olmadığını soruşmur. Əlbəttə, bu şəraitdə hansısa sevgidən, fədakarlıqdan danışmaq yersizdir.
Ailə dediyin - sevgi, fədakarlıq yuvası olmalıdır, burada hər şey sevgi, fədakarlıq müstəvisində öz həllini tapmalıdır. Ailə - iş yeri deyil ki, hər kəs öz vəzifəsini, borcunu yerinə yetirib kənara çəkilsin.
Ailə - hər şeyin göründüyündən daha çox məna daşıdığı ünvandır və bu ünvanda hər şeyi bərəkətləndirən, gözəlləşdirən fərdlərin qarşılıqlı sevgisi, fədakarlığıdır.
Fədakarlıq təkcə əlində-ovcunda olanı bölüşmək deyil, həm də ürəyindəkiləri bölüşməkdir. Ailə üzvlərini stresdən qorumaqdır, qayğıdan qurtarmaqdır. Əgər evdəkilərin ovqatının xoş olmasını istəyirsinizsə, bütün ağrı-acılarınızı mənzilin astanasında paltar kimi soyunmalı, ən xoş, ən qayğısız şəklinizlə içəri girməlisiniz.
Adam var, evin yükünü işə daşıyır, adam var işin yükünü evə. Onsuz da son dövrlər daha çox əsəb gərginliyinin, stresin, həyəcanın yüksəkliyi ilə xarakterizə olunur. Statistikaya baxsanız, son illərdə insanların ən çox stresdən törəyən problemlərdən əziyyət çəkdiyinin şahidi olarsınız. Ona görə də, ailə fərdlərini bu bəladan qorumaq fədakarlıqdır.
Soyuducunun altı çürüyüb, yenisini almağa imkan yoxdur. Stolun ayağı sınıb, yenisini qoymağa imkan yoxdur. Divarın boyası çıxıb, yenisini vurmağa imkan yoxdur... Əgər qadın qalmaqala meyillidirsə və ömür-gün yoldaşının imkanlarını nəzərə almırsa, deməli, onun üçün çox gözəl bir stress mənbəyi var. Səhər-axşam tənəli sözlər danışacaq, səhər-axşam tikanlı sözlər söyləyəcək. Kişi də eşitdiklərini həzm edə bilməsə, ya məcbur olub kimdənsə borc istəyəcək, ya da məcbur olub o tənələrə, o tikanlara dözəcək.
Əgər ailədə mühüm bir ehtiyac, mühüm bir problem varsa, hər şeyi qarşılıqlı anlaşma yolu ilə həll etmək əsas şərtdir. Qayğıları bölüşmək, problemləri paylaşmaq, ilk növbədə, şəffaflığı labüdləşdirir. Əgər kişinin öz büdcəsi, qadının da öz hesabı varsa və tərəflər bir-birilərinin imkanlarından xəbərsizdirlərsə, orada narazılığın, söz-söhbətin olması labüddür. Ancaq hər şey bir yerdə olanda, hər şey bir yerdə hesablananda bu cür narazılığa, bu cür söz-söhbətə də yer qalmır. Birlikdə qərar verilir və hər kəs bu qərarın məsuliyyətinə ortaq olur, heç kim heç kimi ittiham edə bilmir.
Ailədə xoşbəxtlik, səmimiyyət o vaxt hakim olur ki, hər kəs bir-birini düşünür, hər kəs bir-birinin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün hər cür fədakarlığa hazır olur.
Söz var: “Sevinc bölüşdükcə çoxalır, kədər bölüşdükcə azalır”. İnsan biləndə ki, onun kədərini bölüşməyə hazır olan doğmaları var, bu hiss, bu düşüncə ona yeni bir güc mənbəyi, dözüm qaynağı olur.
Ata illərdən bəri, qışı eyni paltoda qarşılayıb yola salır, hər yaz gələndə də o paltodan bir daha görüşməyəcəkmiş kimi ayrılır. Ancaq yay ötüb, payız qurtarıb, qış başlayanda yenə gözlər o nimdaş paltoya dikilir. Ancaq ata bircə dəfə də dilinə gətirmir ki, gərək özümə palto alım. Çünki uşaqlarının daha gözəl geyinməyini istəyir. İstəmir ki, onun uşaqları başqalrından əskik görünsün.
Qəhrəmanlıq təkcə sərhəd basmaq, ordu dağıtmaq deyil ki, bu da bir qəhrəmanlıqdır. Ailəsinin, uşaqlarının rahatlığını düşünmək və bunun müqabilində çox şeyindən imtina etmək böyüklükdür. Bir sözlə, böyüklük hər şeydən yuxarı durmaq deyil, sevdikləri üçün öz haqqından imtina etməkdir. Biz ailəni belə görmüşük, belə tanımışıq.
Sevgi atmosferinin hakim olduğu ailələrdə kasıblıq belə o qədər də hiss olunmur.
Ailə - bizim nəzərimizdə bir də geyməyib geydirmək, yeməyib yedirmək fədakarlığıdır.
Bölüşün ki, ailənizə də, könlünüzə də sevgi atmosferi hakim olsun! Bölüşün ki, evinizdə də, qəlbinizdə də fədakarlıq yuva qursun!
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz