
Amerika yayım xidməti “Netflix” Hollivud şirkəti “Warner Bros. Discovery”nin (WBD) bəzi aktivlərini əldə etmək üçün bağladığı müqavilədən imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Netflix”in baş direktorları Ted Sarandos və Qreq Peters birgə açıqlamada bildiriblər.
“WBD ilə ilkin razılaşdığımız əməliyyat səhmdar dəyərini artıracaq və tənzimləyicilər tərəfindən təsdiqlənmək üçün böyük bir şansa malik olacaqdı. Lakin biz həmişə məsuliyyətli mövqe tutmuşuq və “Paramount Skydance”ın (PS) son təklifini üstələyəcək qiymət belə bir müqaviləni maliyyə baxımından cəlbedici etmir, ona görə də əks təklif verməkdən imtina edirik. Müqaviləni münasib qiymətə bağlamaq yaxşı olardı, lakin “hər halda edilməli” bir müqavilə deyil”, - açıqlamada bildirilib.
PS WBD ilə birləşmə təklifini yenilədikdən və müqavilə dəyərini “Netflix”in 83 milyard dollarlıq təklifi ilə müqayisədə təxminən 111 milyard dollara qaldırdıqdan sonra rəhbərlər müqavilədən çəkildiklərini açıqladılar.
Hollivudun ən qədim şirkətlərindən biri olan WBD-nin bəzi aktivlərinin nisbətən gənc xidmət olan “Netflix”ə satılması son aylarda həm media biznesində, həm də ABŞ siyasətçiləri arasında qızğın müzakirə mövzusu olub. Ekspertlər hesab edirdilər ki, “Netflix”in WBD-nin film studiyalarını və kataloqunu satın alması xidmətin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək və Amerika media bazarını dəyişdirəcək. Hətta ABŞ Prezidenti Donald Tramp da potensial müqaviləyə münasibət bildirərək, “Netflix”in artan bazar payı səbəbindən problemli adlandırıb. Amerika mediası həmçinin PS sahibi Larri Ellisonun Trampla yaxın münasibətlər saxladığını qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz