
(Həyat dərsi)
Qədim zamanlarda uzaq diyarlarda bir adam yaşayırdı. Bu adam bir gecə qonşuluğundakı soğan tarlasından soğan oğurlamağı qərara aldı. Fəsil yay olduğu üçün hava çox aydın idi. Əlinə böyük bir səbət götürdü və atını qonşusunun tarlasına sürdü. Tarlaya çatandan sonra orada heç kimin olmadığından əmin oldu və sonra 100 soğan yığaraq, səbətinə doldurdu. Artıq səbət ağzına qədər dolmuşdu. İndi soğanları ata yükləmək və evə qayıtmaq vaxtı idi. Ancaq atın üzərinə çox ağır yük yüklədiyi üçün at birdən yüksək bir səslə kişnədi. Qonşunun həyat yoldaşı bu səsi eşitdi və səsin haradan gəldiyini öyrənmək üçün pəncərəni açdı. Tarlanın aşağısında soğanı atına yükləyən bir adam var idi. Həyat yoldaşına və uşaqlarına xəbər verdi. Hamısı birlikdə tarlanın aşağısına getdilər və adamı tutdular.
Səhər olanda isə adam artıq qazının qarşısında idi. Qazı oğurladığı 100 soğan üçün adama üç cəzadan birini seçməyi təklif etdi:
- Oğurladığı 100 soğanın əvəzində 100 qızıl vermək...
- Oğurladığı 100 soğanın əvəzində 100 qamçı yemək...
- Oğurladığı 100 soğanın əvəzində 100 soğan yemək...
Adam çox xəsis olduğu üçün 100 soğan yeməyi seçdi. Ancaq 25-ci soğandan sonra boğazı yandı. Qarşısında isə hələ 75 soğan var idi. Odur ki, oğurladığı 100 soğanın əvəzində 100 qamçı yeməyi qəbul etdi. Ancaq 25-ci qamçıdan sonra kürəyi yandı. Qarşısında isə hələ 75 qamçı var idi. Odur ki, oğurladığı 100 soğanın əvəzində 100 qızıl verməyi qəbul etdi. Halbuki əgər 100 qızılı əvvəlcədən verməyə razı olsa idi, həm boğazını yandıran acı soğanlardan, həm də kürəyini yandıran “acı qamçılardan” xilas olardı.
Əslində, həyat da belə deyilmi? Qarşımızda bir neçə yol var və ən qısa olan yol elə ən düz olan yoldur. Ancaq biz çox vaxt həyatda əyrilər, ziqzaqlar, dairələr çəkir və düz yoldan uzaqlaşdıqca uzaqlaşırıq. Sonra da ən qısa yolun bu olduğunu iddia edirik. Ancaq bütün yollar əvvəl-axır o düz yola çıxır. O uzun yollara gəlincə isə… Onlar da bizim üçün acı bir həyat dərsi olur.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz