
Məlum olduğu kimi, bir neçə gün əvvəl mediada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası zamanı bəzi iştirakçıların yatmış halda çəkilmiş fotoları yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və ictimaiyyət arasında müxtəlif reaksiyalar doğurub.
Qeyd edək ki, elmi ədəbiyyatda bu hal, yəni qısa müddətli yuxuya getmək və ya mürgüləmək “mikroyuxu” adlanır.
“National Sleep Foundation”ın araşdırmalarına görə, “mikroyuxu” yol-nəqliyyat hadisələrinin, istehsalat qəzalarının və digər riskli situasiyaların əsas səbəblərindən biri hesab olunur. Yuxu çatışmazlığı zamanı beyin qısa müddətli “sönmə” mərhələsinə keçir və insan çox vaxt bunun fərqində olmur.
İnsanlar iş başında, sükan arxasında, ictimai nəqliyyatda, hətta ayaq üstə olarkən belə qeyri-ixtiyari şəkildə bir neçə saniyəlik yuxuya gedə bilirlər.
Məlumat üçün bildirək ki, müxtəlif dövrlərdə dünya mətbuatında da məşhur şəxslərlə bağlı oxşar görüntülər yayılıb.
Belə görüntülərdən biri təxminən bir həftə əvvəl Vaşinqtonda keçirilən “Sülh Şurası”nın ilk iclası zamanı qeydə alınıb. Belə ki, iclas zamanı ABŞ Prezidenti Donald Tramp qısa müddətlik mürgüləyib.
2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 İqlim Sammitində açılış nitqi zamanı ABŞ-nin sabiq prezidenti Co Baydenin gözlərinin bir neçə saniyəlik yumulması da kameraya düşüb. Bu görüntülər Donald Tramp tərəfindən ona verilən “Sleepy Joe” (“Yuxulu Co”) ləqəbini yenidən gündəmə gətirib.
Həmin tədbirdə Baydenlə yanaşı, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun da mürgüləməsi kameraların obyektivinə tuş gəlib. Maraqlıdır ki, Conson mürgüləməzdən bir qədər əvvəl etdiyi çıxış zamanı dünya liderlərini iqlim dəyişikliyi ilə bağlı “ayıq” olmağa çağırmışdı.
Mühüm tədbirlər zamanı yuxulayan tanınmış şəxslər arasında Papa Fransisk də var. O, 2020-ci ildə Maltada keçirilən kütləvi ibadət zamanı yuxuya getməsi ilə diqqət çəkib. Papa sonradan verdiyi müsahibələrdə bəzən dua edərkən yuxuya getdiyini və bunu zarafatla “Allah qarşısında uşaq kimi hiss etməklə” izah edib.
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni də rəsmi tədbirlərdə tez-tez mürgüləməsi ilə tanınıb. O, dəfələrlə beynəlxalq konfranslarda və hərbi paradlarda bu cür hallarla gündəmə gəlib.
Bundan başqa, ABŞ-nin daha bir sabiq prezidenti Bill Klinton 2004-cü ildə Martin Luter Kinqin xatirəsinə həsr olunan tədbirdə yuxuya getməsi ilə diqqət çəkmiş və bu hadisə həmin dövrdə geniş müzakirələrə səbəb olmuşdu.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz