
ABŞ Prezidenti Donald Tramp məşhur Hollivud aktyoru Robert De Nironun çıxışına sərt reaksiya verərək onu cinayətkar adlandırıb və ölkəni tərk etməyi təklif edib.
Yeniavaz.com xəbər verir ki, hadisə De Nironun Trampın Konqresə “State of the Union” müraciəti ilə eyni vaxtda “YouTube”da canlı yayımlanan “State of the Swamp” kampaniyasında iştirakı ilə bağlıdır.
Belə ki, De Niro aktyor və fəal Mark Ruffalo, eləcə də bir neçə demokrat, hətta Tramp administrasiyasının bəzi keçmiş üzvləri ilə birlikdə tamaşaçıları noyabr ayında keçiriləcək ara seçkilərdən əvvəl prezidentə qarşı etiraz etməyə çağırıb.
“Əgər nə vaxtsa ölkənizi sevmisinizsə, indi onu göstərməyin vaxtıdır. Liderlərin məsuliyyət daşımasını, Konstitusiyanın və qanunun aliliyinə sadiq qalmasını, ABŞ-nin sizin sevginizə layiq olmasını istəyirsinizsə, küçələrə çıxmağa hazır olun”, - De Niro Vaşinqtondakı Milli Mətbuat Klubunun səhnəsində deyib.
Tramp “Truth Social” sosial şəbəkə səhifəsində aktyorun çıxışını emosional və gülünc adlandıraraq, onun sağlam düşüncəsini, zəkasını və hərəkətlərinin qanuniliyini şübhə altına alıb. O, həmçinin, emosional reaksiyasına görə De Nironu uşaqla müqayisə edib və onun 2025-ci ildə Trampın ikinci prezidentliyinin ilk günlərində İrlandiyaya köçən komediyaçı Rozi O'Donneldən zəka baxımından geridə olduğunu bildirib: “De Niro ilə Rozi arasındakı yeganə fərq, onun yəqin ki, bir az daha ağıllı olmasıdır, lakin bu, çox şey ifadə etmir”.
De Niro isə çıxışdan dərhal sonra ABŞ-nin onun evi olduğunu və oradan getmək planının olmadığını bildirib.
Qeyd edək ki, Trampla De Niro arasında münaqişə 2016-cı ildən bəri davam edir. O vaxt aktyor Trampı “donuz” adlandıraraq “üzünə yumruq vurmaq” istəyini bildirmişdi. 2018-ci ildə Toni Mükafatlandırma mərasimində Trampı ucadan tənqid etdikdən sonra prezident zarafatla De Nironun filmlərdəki əsl boksçulardan başına çoxlu zərbə aldığını qeyd etmişdi.
O vaxtdan bəri ictimai tənqidləri daha da güclənib. Belə ki, De Niro Trampı ölkəni məhv etməyə çalışan fanatik adlandırır, Tramp isə onu müntəzəm olaraq dəlilik sindromundan əziyyət çəkməkdə ittiham edir.
Tətbiqimizi yükləyə bilərsiniz