
Ötən il xarici ölkələrdən Azərbaycana 13 min 567 ton qarabaşaq (“qreçka”) idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qarabaşağın 99,5%-i, yəni 13 min 500 tonu Rusiyadan gətirilib. Bundan başqa, 67 ton qarabaşaq da Qazaxıstandan idxal edilib.
Qeyd edək ki, Rusiyadan idxal olunan 1 kiloqram qarabaşağın orta gömrük dəyəri 41 sent (70 qəpik) olub. Qazaxıstandan idxal edilən qarabaşağın 1 kiloqramının orta gömrük dəyəri isə 33 sent (56 qəpik) olub.
Məlumat üçün bildirək ki, bu ilin yanvar ayında ölkənin pərakəndə satış məntəqələrində idxal olunan qarabaşaq yarmasının orta satış qiyməti 2,76 manat olub.
Onu da bildirək ki, ölkəyə idxal olunan qarabaşaq əsasən bir ölkədən gətirildiyi halda, marketlərdə fərqli adlarla qablaşdırılan qarabaşaq yarmalarının qiymətləri arasında kəskin fərqlər mövcuddur. Məsələn, “Neptun” supermarketdə “Şedraya Zemlya” adlı 700 qram çəkisi olan qarabaşaq yarması 1,5 manata təklif edildiyi halda, “Yarmarka” adlı 600 qram çəkisi olan qarabaşaq yarması 2,95 manata təklif edilir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz