
ABŞ Dövlət Departamenti Meksikanın “Sinaloa” narkotik kartelinin liderləri “Qurbağa” ləqəbli Rene Arsate Qarsiya və onun qardaşı “Axilles” ləqəbli Alfonso Arsate Qarsiya haqqında məlumata görə 10 milyon dollar mükafat vəd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Departamentin məlumatına görə, onlar təxminən 15 ildir ki, cinayətkar təşkilata rəhbərlik edirlər və ABŞ-yə fentanil də daxil olmaqla narkotik qaçaqmalçılığına nəzarət edirlər.
2014-cü ildə Amerika hakimiyyəti qardaşlara qarşı qiyabi ittiham irəli sürüb. 2023-cü ildə isə ABŞ Maliyyə Nazirliyi onlara qarşı narkotik qaçaqmalçılığına görə sanksiya tətbiq edib.
Rene Arsate Qarsiya xarici terror təşkilatının fəaliyyətini dəstəkləməkdə, metamfetamin, kokain, fentanil və marixuana qaçaqmalçılığı ilə məşğul olmaqda, həmçinin, çirkli pulları yuymaqda ittiham olunur.
Qeyd edək ki, 2025-ci ilin fevralında ABŞ administrasiyası səkkiz narkotik kartelini xarici terror təşkilatları siyahısına əlavə edib. Bunlar “Tren de Aragua”, “MS-13”, “Clan del Golfo”, “Sinaloa”, “Jalisco Nueva Generacion”, “Unidos”, “Noreste” və “La Nueva Familia Michoacana” kartelləridır.
Tətbiqimizi yükləyə bilərsiniz