Marketlər üçün məhsulu zibil qabına atmaq, ucuz satmaqdan daha sərfəlidir?


Zaman-zaman sosial şəbəkələrdə və mətbuatda istifadə müddəti başa çatmış məhsulların zibil qablarına atılması, ya da məhv edilməsi ilə bağlı görüntülər yayılır.
Yeniavaz.com
xəbər verir ki, bu görüntülər insanlar tərəfindən birmənalı qarşılanmır və müzakirələrə səbəb olur.
İnsanlar belə hesab edirlər ki, bu məhsullar son istifadə tarixindən əvvəl endirimli qiymətlərlə satışa çıxarılsa, bu, həm alıcılar üçün daha sərfəli seçim imkanı yaradar, həm də böyük həcmdə ərzaq tullantısının qarşısını ala bilər.
Qeyd edək ki, bir sıra xarici ölkələrdə bu məsələ artıq sistemli şəkildə tənzimlənir. Məsələn, Böyük Britaniyada supermarketlərdə “Reduced” və ya “Reduced to clear” yazılı rəflərdə son istifadə tarixi yaxınlaşan məhsullar endirimlə təklif olunur. Oxşar təcrübə ABŞ, Fransa və Almaniya kimi ölkələrdə də geniş yayılıb.
Bəs görəsən, yerli marketlər niyə bu təcrübədən istifadə etmək əvəzinə məhsulların məhv edilməsinə üstünlük verirlər?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan marketoloq Marat Namazov bildirib ki, bu cür endirimlər marketlər üçün risk yarada bilər:
“Marketlərdə tez-tez istifadə müddətinə az qalmış məhsullar endirimə düşərsə, müştəri bunu “keyfiyyət zəifdir” kimi qəbul edə və brendə inam azala bilər. Eyni zamanda, müştəri öyrəşə bilər ki, gözləsə, məhsulu daha ucuz qiymətə alacaq. Bu isə müntəzəm satış marjasını aşağı salır”.
Marat Namazov qeyd edir ki, marketlər üçün məhsulun zibilə atılması real zərər sayılmır:
“Məhsulu zibilə atmaq, gələcək qiymət intizamını qorumaq baxımından daha sərfəli hesab olunur. Təchizatçı ilə müqavilə şərtlərində bir çox hallarda istifadə müddəti keçmiş məhsulların qaytarılması və ya zərərin kompensasiyası nəzərdə tutulduğu üçün faktiki olaraq marketlər üçün məhsulun zibilə atılması real zərər sayılmır”.
Marketoloq Saday Əlverdiyev isə bildirib ki, bu yanaşma şirkətlərin reputasiya risklərini minimuma endirmək baxımından vacibdir:
“Azərbaycanda şəbəkə marketlərdə istifadə müddətinin bitməsinə 48 saat qalmış bütün məhsullar rəfdən götürülür. Tutaq ki, biz bu məhsulları rəfdən götürmürük, əksinə müəyyən endirim tətbiq edib satışa çıxarırıq. İstehlakçılar məhsulu alıb evə aparır və bir-iki gün saxlayır. Bu zaman artıq 48 saat 96 saata, yəni 3-4, hətta 5 günə çata bilər. Nə vaxtsa həmin məhsulu istifadə etmək istəyəndə isə onun kiflənmiş, xarab olmuş və ya digər neqativ hallarla qarşılaşması mümkündür. Bu halda insanlar deməyəcək ki, məhsul evdə saxlanıldığı üçün xarab olub. Əksinə, deyəcəklər ki, filan markadan, filan mağazadan aldıqları məhsul xarab çıxıb. Bu, çox ciddi məsələdir və hətta minlərlə manata başa gələ bilər. Məhsul kiçik olsa belə, sosial şəbəkələrdə paylaşılması, qonşulara və ətrafdakılara deyilməsi böyük təsir yaradır”.
Saday Əlverdiyev qeyd edib ki, şəbəkə mağazaları məhsulu təqdim edən distribüterlə müqavilə bağlayır:
“Məsələn, şəbəkə mağazası məhsulu təqdim edən distribüterlə razılaşır ki, məhsullar satılmadığı təqdirdə həmin 48 saat ərzində geri qaytarılsın. Geri qaytarılmış məhsullar zərər kimi hesablanır və bu zərər tərəflər arasında bölüşdürülür. Bu səbəbdən mağazalar məhsulu satmaqdan çəkinir və onu geri qaytarmağa üstünlük verir. Bundan əlavə, cərimələr də mövcuddur. İstifadə müddəti bitmiş və ya bitməyə yaxın, xarab olma ehtimalı olan məhsulların satışda qalması halında dövlət tərəfindən cərimələr tətbiq olunur. Bu səbəbdən belə hallara yol verilmir”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top