Qlobal borc 348 trilyon dolları keçdi


Beynəlxalq Maliyyə İnstitutu (IIF) tərəfindən yayımlanan son hesabata əsasən, 2025-ci ildə qlobal borc kəskin artaraq tarixi maksimuma – 348,3 trilyon dollara yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, hesabata görə, il ərzində qlobal borcun həcmi 29 trilyon dollar artıb.
Bildirilir ki, artımın əsas səbəbi dövlət borclarının genişlənməsi olub. Xüsusilə, 10 trilyon dollardan çox artan dövlət borcunun təxminən 75%-i ABŞ, Çin və Avrozona ölkələrinin payına düşür. Analitiklər qeyd edir ki, borc artımı daha çox ev təsərrüfatları və ya şirkətlərdən deyil, iri iqtisadiyyatlarda davam edən büdcə kəsirlərindən qaynaqlanır.
2025-ci ilin sonunda dövlət borcu 106,7 trilyon dollara çataraq əvvəlki ildəki 96,3 trilyon dollarlıq göstəricini xeyli üstələyib. Eyni dövrdə ev təsərrüfatlarının borcu isə 64,6 trilyon dollar təşkil edib.
Borcun ÜDM-ə nisbəti qlobal səviyyədə müəyyən qədər azalaraq 308%-ə düşüb. Bu azalma əsasən inkişaf etmiş ölkələrin təsiri ilə baş verib. Bununla belə, inkişaf etməkdə olan ölkələrdə vəziyyət fərqlidir – burada borcun ÜDM-ə nisbəti rekord həddə çataraq 235% olub.
Regional bölgüyə baxdıqda, inkişaf etmiş bazarlarda ümumi borc 231,7 trilyon dollara yüksəlib. İnkişaf etməkdə olan bazarlarda isə bu göstərici rekord səviyyəyə – 116,6 trilyon dollara çatıb.
Hesabatda vurğulanır ki, büdcə kəsirləri yüksək olaraq qalarsa və şirkətlər investisiyaları istiqraz buraxılışı ilə maliyyələşdirməyə davam edərsə, qlobal borc 2026-cı ildə də artım tempini qoruyacaq.
Eyni zamanda, qarşıdakı dövr üçün ciddi maliyyə təzyiqləri gözlənilir. IIF-in hesablamalarına görə, inkişaf etməkdə olan ölkələr 2026-cı ildə 9 trilyon dollardan çox borc ödənişi həyata keçirməli olacaq ki, bu da tarixdə ən böyük yenidən maliyyələşdirmə həcmi hesab olunur. İnkişaf etmiş bazarların isə 20 trilyon dollardan artıq istiqraz və kredit ödənişi ilə üzləşəcəyi proqnozlaşdırılır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top