
Bu ayın əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 22 bankın cəmi aktivləri 56 milyard 935,8 milyon manat, cəmi öhdəlikləri isə 49 milyard 528,7 milyon manat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bankların kredit portfeli 29 milyard 980,1 milyon manat təşkil edib.
Qeyd olunur ki, bankların kredit portfelinin strukturunda biznes kreditləri 53,2% (15 948,9 milyon manat), istehlak kreditləri 31,4% (9 425,9 milyon manat), ipoteka kreditləri isə 15,4% (4 605,3 milyon manat) paya sahib olub.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir. Cəmi öhdəliklərin 74,3%-i və ya 36 milyard 805,3 milyon manatı depozit portfeli olub. Depozit portfelinin 55,7%-i (20 499,8 milyon manat) hüquqi şəxslərin, 44,3%-i (16 305,5 milyon manat) fiziki şəxslərin depozitlərindən ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 68,3%-i (11 140.9 mln. manat) milli valyutada, 31,7%-i (5 164.6 milyon manat) xarici valyutadadır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin payı 2,3 faiz bəndi artıb, xarici valyutada olan əmanətlərin payı isə 2,3 faiz bəndi azalıb. Belə ki, ötən ilin fevral ayının əvvəlində fiziki şəxslərin əmanətlərinin 66%-i (9 497 milyon manat) milli valyutada, 34%-i (4 888,4 milyon manat) isə xarici valyutadadır.
Bundan başqa, 2026-ci ilin yanvar ayında banklar 80,1 milyon manat xalis mənfəət, 155 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Yanvar ayında banklar tərəfindən ümumilikdə 32,5 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Müqayisə üçün bildirək ki, ötən ilin yanvar ayında bankların xalis mənfəəti 71 milyon olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz