
Türkiyədə son günlərdə gündəm olan “Kəbədə hacılar hu deyir Allah” ilahi trendi ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan da danışıb.
Yeniavaz.com xəbər verir ki, Ərdoğan bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında danışıb.
“Bu ilahini yeddidən yetmişə kimi xalqımızın dilinə və inşallah qəlbinə həkk etmiş, bu gözəl ilahilərlə ölkəmizi bir səs, bir ürək kimi birləşdirən bəstəkardan tutmuş ifaçıya qədər hər kəsi təbrik edirəm. Xüsusilə orta məktəblərdə övladlarımızın bu ilahiləri oxuduqlarını görmək bizi məmnun etdi, qürurlandırdı. Türkiyənin eyni ritmdə birləşməsi, eyni səsi və eyni sözləri tərənnüm etməsi arzuladığımız, həsrətini çəkdiyimiz bir mənzərədir. Bunu açıq demək istəyirəm, kimsə bundan narahat olmamalıdır. Bu görüntü əsl Türkiyə, bu torpaqların, bu millətin görüntüsüdür”, - Ərdoğan qeyd edib.
Qeyd edək ki, müəllifi Cəlal Karatüre olan ilahi sosial mediada müzakirələrə səbəb olub. Belə ki, ilahinin Türkiyədəki bəzi məktəblərdə tənəffüs zəngi kimi istifadə olunması birmənalı qarşılanmayıb. Valideynlərdən bəziləri bunun dünyəvi dövlət prinsiplərinə zidd olduğunu bildirib və Milli Təhsil Nazirliyinə etiraz edib.
Tətbiqimizi yükləyə bilərsiniz