Süni intellekt şantaj alətinə çevrilir – Çıxış yolu nədir?


Son dövrlərdə süni intellekt texnologiyalarından istifadə edilərək şəxslərə aid görüntülərin montaj olunması və şantaj məqsədilə yayılması halları müşahidə edilir.
Yeniavaz.com
xəbər verir ki, süni intellektin sürətli inkişafı bir çox sahələrdə istifadəçilərə geniş imkanlar yaratsa da, bu texnologiyadan qanunsuz və qeyri-etik məqsədlərlə istifadə edənlərin sayı da az deyil. Belə hallarda insanların şəkilləri onların razılığı olmadan dəyişdirilir, saxta və qeyri-etik məzmun hazırlanaraq ictimaiyyətə təqdim olunur.
Qeyd edək ki, bu kimi əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən hüquqi məsuliyyət yaradır və qanunla cəzalandırılır.
Bəs süni intellekt texnologiyalarından istifadə sahəsində bu cür halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan süni intellekt mütəxəssisi Natiq Məmişov bildirib ki, problemin həlli üçün icazə və qadağa mexanizmi tətbiq edilməlidir:
“Burada bir neçə məsələ var. “Default chart design soft” söhbəti var, yəni standart olaraq qadağalar mövcuddur. İstifadəçilərin şəxsi şəkillərindən istifadə olunarkən mütləq icazə mexanizmi olmalıdır. Bu qaydalar yalnız tanınmış şəxslərə deyil, hər kəsə şamil edilməlidir”.
Ekspert qeyd edir ki, süni intellekt (AI) vasitəsilə yaradılmış və ya dəyişdirilmiş məzmunun işarələnməsi də vacibdir:
“AI edit məzmunlarına məcburi işarələnmə tətbiq oluna bilər. Bəzi tətbiqlərdə bu artıq mövcuddur. AI ilə yaradılmış və ya dəyişdirilmiş şəkillər gözlə görünən şəkildə işarələnir ki, bu məzmunun hansı mənbədən çıxdığı bilinsin. Hətta Avropa Komissiyasının bu yaxınlarda oxuduğum yanaşmasında da şəffaflıq prinsipi vurğulanır ki, süni intellektlə yaradılmış və ya manipulyasiya edilmiş məzmun üçün işarələnmə tətbiq edilə bilər”.
Onun sözlərinə görə, məzmunun mənşəyinin izlənməsi və texniki nəzarət mexanizmləri də gücləndirilməlidir:
“Mənşənin izlənməsi mümkündür, bunun üçün müəyyən standartlar var. Mənbə və tarixçənin sertifikatlaşdırılması üçün sistemlər qurulub və bu, daha irəli addımlar üçün vacibdir. Burada görünməyən üsullar da var, buna “watermarking” deyilir. Bu necə işləyir? Məzmuna sonradan aşkar edilə bilən gizli işarələr yerləşdirilir. Bundan əlavə, təkcə şikayət daxil olduqdan sonra silmək kifayət deyil, həm də “hashing” kimi texnologiyalar mövcuddur. Zərərli görüntünün yenidən paylaşılmasının qarşısını almaq üçün “hashing” istifadə olunur”.
Ekspert əlavə edib ki, icazəsiz fotorealistik manipulyasiyalar və xüsusilə həssas məzmunun hazırlanması qəti şəkildə qadağan olunmalıdır:
“İcazəsiz intim və ya həssas görüntülərin yaradılması və paylaşılması qadağan edilə bilər və ya mütləq işarələnməlidir. Başqasının kimliyini təqlid etmək məqsədilə hazırlanan məzmun da qadağan edilə bilər və ya qeyd olunmalıdır ki, bu, süni intellekt məhsuludur. Burada mütəxəssis məsuliyyəti də var. İcazəsiz zərər analizi və kontekst prinsipləri nəzərə alınmalıdır. Müştəri sifarişi olsa belə, icazəsiz dəyişikliklər və reputasiyaya zərər vuran işlər rədd edilməlidir. Bundan əlavə, təhlükəsizlik sənədləşdirilməsi olmalıdır: nəyin bloklandığı, nəyin bloklanmadığı, hansı məhdudiyyətlərin tətbiq edildiyi aydın şəkildə göstərilməlidir. Praktik baxımdan ən effektiv yanaşma bunun platforma səviyyəsində, hüquqi səviyyədə və məzmun səviyyəsində həyata keçirilməsidir”.
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan kiber təhlükəsizlik eksperti Vüsal Məmmədzadə isə bildirib ki, istifadəçilər paylaşımlarında bir neçə məqama xüsusi diqqət yetirməlidirlər:
“Açıq profillərdə yüksək keyfiyyətli şəxsi fotoların həddindən artıq paylaşılması, tanış olmayan şəxslərə foto və videoların göndərilməsi və oxşar hallar riskləri artırır. Profil məxfiliyinin təmin edilməsi, iki faktorlu autentifikasiya kimi təhlükəsizlik tədbirlərinin tətbiqi riskləri azaltsa da, təəssüf ki, saxta görüntülərdən (deepfake) heç kim tam sığortalanmayıb”.
Vüsal Məmmədzadə qeyd edir ki, insanlar bilməlidirlər ki, süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər hüquqi baxımdan kibercinayət hesab olunur:
“Qurbanın hüquqları qanunla qorunur. Ən düzgün yanaşma rəqəmsal izlərin minimuma endirilməsi, məxfilik mədəniyyətinin formalaşdırılması və şübhəli hallarda operativ şəkildə rəsmi qurumlara müraciət etməkdir. Belə hallarda ilk növbədə panikaya düşməmək, sübutları (mesajlar, linklər, fayllar və digər materiallar) saxlamaq və dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək vacibdir. Şantaj edən şəxslərlə ünsiyyətə girmək qətiyyən tövsiyə olunmur, çünki bu, riskləri daha da artıra bilər”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top