
Prezident İlham Əliyev mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələləri tənzimlənməsi barədə Fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs və “Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxs əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (bundan sonra – Agentlik) yaradılıb.
Müəyyən edilib ki, Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.
Agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi, o cümlədən onun Aparatının işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 79 ştat vahidi müəyyən edilib.
Nazirlər Kabineti:
aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
üç ay müddətində:
- Agentliyin əsasnaməsinin və strukturunun layihəsi;
- bu Fərman nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;
doqquz ay müddətində:
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmləri;
- qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi mexanizmlərinin təkmilləşdirilməsi;
bu Fərmanda göstərilən publik hüquqi şəxslərin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini üç ay müddətində təmin etsin;
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Agentliyin işçilərinin bu Fərmanda göstərilən publik hüquqi şəxslərin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görsün;
Agentliyin fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləri bir ay müddətində həll etsin;
Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli, habelə bu Fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsini, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, bu Fərmanda göstərilən publik hüquqi şəxslər öz fəaliyyətlərini davam etdirsinlər.
Tətbiqimizi yükləyə bilərsiniz