Britaniya Gürcüstanın iki televiziya kanalına sanksiya tətbiq etdi


Böyük Britaniya Rusiya dezinformasiyasını yaydıqlarına görə Gürcüstanın iki televiziya kanalı – “Postv” və İmedi” barəsində sanksiya qərarı qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, rəsmi Londonun bildirdiyinə görə, sözügedən media qurumları Kremlin təbliğatını yaymaqda ittiham olunur.
Qeyd edək ki, Birləşmiş Krallıq indiyədək Gürcüstanın bir sıra yüksək vəzifəli şəxslərinə və ictimai fiqurlarına qarşı da məhdudlaşdırıcı tədbirlər görüb.
19 dekabr 2024-cü il tarixində Britaniya hökuməti mediaya və etirazçılara qarşı zorakılıqlara görə məsuliyyət daşıdıqları bildirilən şəxsləri sanksiya siyahısına daxil edib:
Vaxtanq Qomelauri – keçmiş daxili işlər naziri;
Aleksandr Daraxvelidze – daxili işlər nazirinin müavini;
Sulxan Tamazaşvili – Tbilisi Polis Departamentinin keçmiş direktoru (Acariya hökumətinin səlahiyyətlərini icra edən);
Zviad Xarazişvili – Xüsusi Tapşırıqlar Departamentinin keçmiş rəhbəri;
Miller Lagazauri – Xüsusi Tapşırıqlar Departamentinin keçmiş rəis müavini.


Ötən ilin 2 aprel tarixində isə Britaniya Xarici İşlər Nazirliyi “Məhkəmə Klanı”nın üzvləri hesab edilən hakimlər – Levan Murusidze və Mixeil Çinçaladze barəsində sanksiya qərarı verib.
10 aprel tarixində Birləşmiş Krallıq “Gürcü Arzusu” hökumətinin dörd yüksək vəzifəli şəxsinə maliyyə və viza sanksiyaları tətbiq edib:
Giorgi Qabitaşvili – keçmiş baş prokuror, Audit Xidmətinin rəhbəri vəzifəsini icra edən;
Şalva Bedoidze – daxili işlər nazirinin keçmiş müavini;
Mirza Kezevadze – DİN-in Xüsusi Tapşırıqlar Departamentinin (“Xareba”) keçmiş rəis müavini;
Karlo Katsitadze – Xüsusi İstintaq Xidmətinin keçmiş rəhbəri.


19 sentyabr tarixində isə Britaniya iş adamı Levan Vasadze barəsində sanksiya tətbiq edib. Rəsmi açıqlamada bildirilib ki, bu qərar onun öz media platformasında verdiyi bəyanatlarla əlaqədardır.
Bundan əlavə, keçmiş baş prokuror Otar Romanov-Partsxaladze də Britaniyanın sanksiya siyahısına daxil edilib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top