Bayramlar niyə əvvəlki kimi hiss olunmur?


Bu gün Azərbaycanda ilk çərşənbənin tonqalları alovlanır. Gün adi axarında davam etsə də, bir çox insanın düşüncələri istər-istəməz keçmiş bayramlara qayıdır.
Son illər müşahidə olunur ki, bayramların əvvəlki ab-havası xeyli zəifləyib. Bir zamanlar evlərdə günlərlə davam edən hazırlıqlar, ailələri və qonşuları bir araya gətirən ənənələr indi çox vaxt sadəcə təqvimdə qeyd olunan gün kimi qarşılanır.
Bəs nə dəyişdi? Niyə bir vaxtlar insanları birləşdirən adət-ənənələr əvvəlki gücünü itirib?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan sosioloq Mail Yaqub bildirib ki, bu dəyişikliklər müasir həyat tərzi ilə birbaşa bağlıdır:
“Əyləncə imkanlarının artması və yad mədəniyyətlərin təsiri nəticəsində milli adət-ənənələr tədricən unudulmağa başlayıb. Əvvəllər insanlar ildə bir-iki dəfə bayram edər, bayramı səbirsizliklə gözləyərdilər. Bayrama aid olan şirniyyatlar və yeməklər yalnız bayram vaxtı hazırlanardı. Amma indi həmin yeməklər və şirniyyatlar demək olar ki, hər həftə bişirilir. Artıq insanlar bayramı əvvəlki kimi gözləmirlər”.

Mail Yaqub

Sosioloq qeyd edir ki, xalqın kimliyinin əsasını təşkil edən bu dəyərlərin qorunması böyük əhəmiyyət daşıyır:
“Milli adət-ənənələr xalqın kimliyini müəyyən edən əsas amillərdəndir. Əgər bu dəyərlər unudularsa, milli kimlik də zəifləyər. Qloballaşan dünyada milli kimliyin qorunması daha da vacibdir. Bu kimliyi formalaşdıran əsas ünsürlərdən biri dil, digəri isə adət-ənənələrdir”.
Mail Yaqub hesab edir ki, milli dəyərlərin yaşadılması üçün onların daha geniş şəkildə təbliği vacibdir:
“Televiziya, sosial media və digər platformalar vasitəsilə adət-ənənələrimizi təbliğ etməliyik. Nə qədər çox təbliğ etsək, bir o qədər də bu dəyərlər yaşayacaq. Onların unudulmasına imkan verməməliyik. Çünki bu ənənələr bizim mənəviyyatımızın ayrılmaz hissəsidir”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top