
Bu ilin yanvar ayında Azərbaycana 202 milyon 419,2 min dollar dəyərində yeyinti məhsulları idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarının idxalı dəyər ifadəsində cəmi 0,3% və ya 666 min dollar azalıb.
Qeyd edək ki, ən çox idxal olunan məhsullar arasında dəyər baxımından meyvə-tərəvəz, miqdar baxımından isə buğda üstünlük təşkil edib.
Bu ilin yanvar ayında Azərbaycana 37,9 min ton tərəvəz və meyvə idxal edilib və bunların gömrük dəyəri 33,4 milyon dollar olub. Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının orta gömrük dəyəri 1,5 manat (0,88 dollar) təşkil edib. Müqayisə üçün bildirək ki, ötən ilin yanvar ayında idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının orta gömrük dəyəri 1,26 manat (0,74 dollar) olub.
İdxal olunan ərzaq məhsullarının son 2 ilin yanvar aylarındakı orta gömrük dəyəri belə olub:

Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə gömrük dəyəri ən çox artan süd və qaymaq olub – 27,1%. Gömrük dəyəri ən çox aşağı düşən isə düyü olub. İdxal olunan düyünün orta gömrük dəyəri son bir ildə 21,2% aşağı düşüb.
Məlumat üçün onu da bildirək ki, idxal olunan bəzi məhsulların gömrük dəyəri aşağı düşsə də, onların daxili bazardakı pərakəndə satış qiymətləri yüksəlib. Məsələn, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında idxal olunan kərə yağının orta gömrük dəyəri 4,9% aşağı düşüb. Lakin ölkə daxilində idxal kərə yağının pərakəndə satış qiyməti 10% və ya 2,1 manat bahalaşıb. Yaxud ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında idxal olunan düyünün orta gömrük dəyəri 21,2% aşağı düşüb. Ancaq ölkə daxilində idxal düyünün pərakəndə satış qiyməti 1,2% və ya 9 qəpik bahalaşıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz