
Ötən il Azərbaycanda 1 milyon 452,88 min ton Aİ-92 markalı, 11,8 min ton Aİ-95 markalı avtomobil benzini, 2 milyon 549,16 min ton dizel yanacağı istehsal olunub.
Yeniavaz.com xəbər verir ki, əvvəlki illə müqayisədə Aİ-92 markalı benzinin istehsalı 18% (223,18 min ton), dizel yanacağının istehsalı isə 23% (475,26 min ton) artıb. Aİ-95 markalı avtomobil benzinin istehsalı isə 46% (10 min ton) azalıb.
Məlumat üçün onu da bildirək ki, ötən il Azərbaycan xarici ölkələrə 5,4 min ton Aİ-95, 6,5 min ton Aİ-92 markalı benzin ixrac edib. İxraca paralel olaraq Azərbaycan ötən il xarici ölkələrdən 138,6 min ton Aİ-95, 83 min ton Aİ-92 markalı benzin idxal edib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycanda istehsal olunan Aİ-95 markalı avtomobil benzininin təxminin yarısı xarici ölkələrə ixrac olunub və yerli istehsal daxili tələbatı ödəmədiyi üçün xaricdən yerli istehsaldan 12 dəfə çox benzin idxal edilib.
Onu da qeyd edək ki, 2024-cü ilin iyun ayının 30-da Dövlət Neft Şirkətindən (SOCAR) verilən açıqlamada ölkədə “Aİ-95” markalı benzin istehsal olunduğu bildirilib. SOCAR-ın açıqlamasında qeyd olunub ki, neft emalı zavodunda (NEZ) istehsal olunan “Aİ-92” və “Aİ-95” markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb:
“Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcəkdir”.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz