Valideynlər övladlarını peyvənd etdirərkən hansı məqamlara diqqət etməlidirlər?


Xəbər verdiyimiz kimi, Goranboyda peyvənd vurulan azyaşlının iynədən sonra şoka düşərək öldüyü iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, peyvəndlərlə bağlı bu cür məlumatlar zaman-zaman mətbuatda və sosial şəbəkələrdə yayılır.
Peyvənddən sonra müşahidə olunan reaksiyalar valideynlər arasında narahatlıq yaradır və nəticədə onlar övladlarını peyvənd etdirməkdə tərəddüd edirlər.
Bununla yanaşı, mütəxəssislər peyvəndlərin uşaqları təhlükəli yoluxucu xəstəliklərdən qorumaqda mühüm rol oynadığını vurğulayırlar.
Bəs belə halların səbəbi nədir və valideynlər övladlarını peyvənd etdirərkən hansı məqamlara diqqət etməlidirlər?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan həkim-pediatr Şəlalə Poluxova bildirib ki, peyvənddən sonra baş verən hər hansı ölüm faktının səbəbi yalnız rəsmi tibbi araşdırmadan sonra müəyyən edilə bilər:
“Peyvənd mövzusu cəmiyyətdə birmənalı qarşılanmayan və tez-tez müzakirə olunan bir sahədir. Ona görə də qeyd etmək istəyirəm ki, hər hansı ölüm halında səbəb yalnız tibbi ekspertiza və rəsmi araşdırma nəticəsində müəyyən edilə bilər. Peyvəndlər uzun illərdir dünya praktikasında tətbiq olunur. Onların təhlükəsizliyi Ümumdünya Səhiyyə Təşkilatı və CDC kimi beynəlxalq qurumlar tərəfindən davamlı şəkildə monitorinq edilir”.
Şəlalə Poluxova deyib ki, peyvənddən sonra nadir hallarda allergik reaksiyalar baş verə bilər:
“Ciddi allergik reaksiyalar, o cümlədən anafilaktik şok, çox nadir hallarda baş verə bilər. Anafilaktik şok adətən peyvənddən sonrakı ilk bir neçə dəqiqə və ya ilk bir neçə saat ərzində özünü göstərir. Məhz buna görə peyvəndlər tibb müəssisələrində və tibbi müşahidə altında aparılır”.
Şəlalə Poluxova vurğulayıb ki, peyvənddən əvvəl uşağın sağlamlıq vəziyyəti mütləq qiymətləndirilməlidir:
“İlk növbədə uşağın ümumi sağlamlıq vəziyyəti pediatr tərəfindən yoxlanılmalıdır. Əvvəllər peyvənd olunubsa, əvvəlki dozaya qarşı hər hansı reaksiya olub-olmadığı soruşulmalıdır. Ailədə ciddi allergiya və ya anafilaksiya halları araşdırılmalıdır. Eyni zamanda, immun sistemi ilə bağlı problemlərin olub-olmaması da nəzərə alınmalıdır”.
Şəlalə Poluxovanın sözlərinə görə, bəzi hallarda peyvənd müvəqqəti olaraq təxirə salına bilər:
“Məsələn, yüksək hərarət və ya ağır infeksiya olduqda vaksinasiya ertələnə bilər. Lakin yüngül respirator infeksiyalar – burun axıntısı, yüngül öskürək və s. kimi hallar əksər hallarda peyvənd üçün əks göstəriş sayılmır. Əgər əvvəlki peyvənd dozasından sonra ciddi allergik reaksiya baş veribsə və ya vaksinin tərkibindəki komponentlərə qarşı ağır həssaslıq varsa, həmin vaksin təkrar tətbiq olunmur”.
Həkim valideynlərə müraciət edərək bildirib ki, vaksinasiya qərarı verilməzdən əvvəl pediatr müayinəsi vacibdir:
“Fərdi halları ümumiləşdirərək peyvənddən imtina etmək düzgün deyil. Peyvəndlər yoluxucu xəstəliklərin və onların ağır fəsadlarının qarşısının alınmasında ən effektiv və etibarlı qoruyucu vasitələrdən biridir”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top