Rusiyada hamiləlik reyestri açılır – Doğum nisbəti kəskin azalıb


Rusiyada 1 mart tarixindən etibarən hamilə qadınlar haqqında məlumatları özündə əks etdirən yeni dövlət reyestri fəaliyyətə başlayacaq.
Yeniavaz.com
RBC-yə istinadən xəbər verir ki, reyestrdə hamiləliyin qeydiyyat tarixi və həmin dövrdə hamiləlik yaşı, köməkçi reproduktiv texnologiyalardan istifadə faktı, hamiləliyin nəticəsi, kritik mamalıq vəziyyətlərinin olub-olmaması, uşağın doğum tarixi və vaxtı, cinsi, boyu, çəkisi kimi məlumatlar toplanacaq.
Bundan əlavə, perinatal dövrdə fərdi vəziyyətlərin inkişafı, eləcə də uşaqlarda anadangəlmə anomaliyalar, deformasiyalar və ya xromosom anomaliyaları barədə məlumatlar da sistemdə əks olunacaq.
Sənədə əsasən, hamiləliyin ilk 12 həftəsi ərzində qeydiyyata alınan qadınların faizi ayrıca göstəriləcək. Həmçinin köməkçi reproduktiv texnologiyalardan istifadə edən hamilə qadınların və bu üsullarla baş tutaraq doğuşla nəticələnən hamiləliklərin payı da izlənəcək. Reyestrdə normal (kritik mamalıq vəziyyətləri olmadan) hamiləliklərin, tam müddətli doğuşların, perinatal dövrdə müəyyən patologiyalar inkişaf etdirən körpələrin və doğuşdan sonra anadangəlmə qüsurlar diaqnozu qoyulan uşaqların nisbəti də nəzarətdə saxlanılacaq.
Yeni reyestrin tətbiqi Rusiyada doğum göstəricilərinin azaldığı bir dövrə təsadüf edir. “Rosstat” məlumatlarına görə, 2025-ci ilin dekabr ayına olan vəziyyətə əsasən ümumi doğum nisbəti (ÜDN) 1,374 təşkil edib. Bu göstərici bir qadının reproduktiv dövr ərzində orta hesabla neçə uşaq dünyaya gətirəcəyini əks etdirir.
“Vedomosti” nəşri yanvar ayında “Rosstat” məlumatlarına istinadən ÜDN-nin azalmağa davam etdiyini yazıb. Rusiyada ümumi doğum nisbətinin 19 illik minimuma düşdüyünü bildirilir. Nəşrin məlumatına görə, 2025-ci ilin may ayında hər qadına düşən doğum sayı 1,376 olub ki, bu da 2006-cı ildən bəri ən aşağı göstəricidir. Müqayisə üçün, 2024-cü ilin sonunda bu rəqəm 1,4, 2023-cü ildə isə 1,41 təşkil edib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top