
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan Sosial Xidmətlər Agentliyi “Azərmaş Park” MMC -dən (VÖEN – 1404629451) 384 min manata 24 ədəd minik avtomobili alır.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin şərtlərinə görə minik avtomobilləri minimum 2025-ci il istehsalı olmalıdır.
Qeyd edək ki, avtomobillər “Çernobıl” AES-də qəzanın ləğvi ilə əlaqədar və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslər üçün alınır.
Məlumat üçün bildirək ki, Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərən “Azərmaş Park” MMC Özbəkistanın “UzAvtoSanoat” Səhmdar Cəmiyyəti ilə birgə Yaponiyanın “ISUZU” brendinin avtobuslarını istehsal edir.
“Azərmaş Park” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Anar Adil oğludur. “Azərmaş” şirkətinin İdarə heyətinin sədri isə Emin Axundovdur.
Onu da qeyd edək ki, “Azərmaş” adı ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər arasında “Azərmaş Avto Servis” MMC, “Azərmaş Lizinq” MMC, “Azərmaş CP” MMC, “Azərmaş Trade” MMC, “Azərmaş” MMC və “Azərmaş Park” MMC kimi şirkətlər yer almaqdadır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz