
Meksikanın ən çox axtarılan şəxsi, “Xalisko Yeni Nəsil” (CJNG) narkotik kartelinin lideri Nemesio Osequera Servantesin öldürüldüyü bildirilir.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, “El Menço” kimi tanınan Servantes, bazar günü tərəfdarları ilə ordu arasında baş verən toqquşmalarda ağır yaralanıb və paytaxt Mexikoya aparılarkən vəfat edib.
Bildirilir ki, Xalisko ştatının Tapalpa şəhərində keçirilən əməliyyat zamanı dörd CJNG üzvü öldürülüb, üç ordu əməkdaşı isə yaralanıb. ABŞ-nin Meksikaya əməliyyata kömək edən məlumatlar verdiyi qeyd olunub.
Məlumata görə, kartel liderinin ölümünə CJNG üzvləri səkkiz ştatda maşınları yandırmaqla, yol maneələri qurmaqla və təhlükəsizlik qüvvələrinə hücum etməklə cavab verib.
“59 yaşlı keçmiş polis məmuru “El Menço” ABŞ-yə külli miqdarda kokain, metamfetamin və fentanil qaçaqmalçılığından məsul olan genişmiqyaslı cinayətkar təşkilata rəhbərlik edirdi.
ABŞ Dövlət Departamenti “El Menço”nun tutulmasına kömək edən məlumata görə 15 milyon dollar mükafat vəd etmişdi.
Meksika Müdafiə Nazirliyi açıqlamasında əməliyyatın ölkənin xüsusi təyinatlı qüvvələri tərəfindən planlaşdırıldığını və həyata keçirildiyini bildirib.
Əməliyyat zamanı Meksika Hərbi Hava Qüvvələri və Milli Qvardiyadan da təyyarələr səfərbər edilib.
Həmçinin əməliyyat zamanı bir neçə zirehli texnika və silah-sursatın, o cümlədən raket atıcılarının ələ keçirildiyi bildirilir”, - BBC yazır.
Tətbiqimizi yükləyə bilərsiniz