General Alekseyevə qarşı sui-qəsd cəhdində Britaniya izi araşdırılır – Rusiya FTX rəhbəri


Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi ilə bağlı aparılan istintaqda xarici əlaqələrin müəyyən edildiyini bildirib.
Yeniavaz.com
 xəbər verir ki, Bortnikov bu barədə “Vesti” xəbər xidmətinin jurnalisti Pavel Zarubin ilə müsahibəsində danışıb. Onun sözlərinə görə, hadisənin arxasında Ukrayna kəşfiyyat xidmətlərinin dayandığına dair ilkin qənaət mövcuddur.
“Biz aydın şəkildə başa düşürük ki, bunun arxasında Ukrayna kəşfiyyat xidmətləri dayanır. Onların arxasında isə üçüncü tərəf ölkələr var. Ukrayna kəşfiyyatı Qərb kəşfiyyat xidmətlərinin nəzarəti altında fəaliyyət göstərir. Burada, ilk növbədə, Britaniya ilə əlaqə görürük”, – deyə FTX rəhbəri qeyd edib.
Bortnikov əlavə edib ki, məsələ ilə bağlı istintaq tədbirləri davam etdirilir. O, həmçinin Kiyevin mümkün terror aktlarına qarşı əks tədbirlərin görüldüyünü, lakin bu məsələnin həssas xarakter daşıdığını vurğulayıb.
“Biz baş verən hər şeyi yaxından izləyirik və əlbəttə ki, heç vaxt unutmayacağıq və bağışlamayacağıq”, – deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top