Qlobal istiləşmə, yoxsa qlobal buzlaşma?


Qədim kitabələrdə yazılanları nəzərə alsaq, indiki okeanların yerində bir vaxtlar torpaq sahələri var idi. Necə deyərlər, okean suları ilə bir-birindən ayrılan qitələr bir vaxtlar bir idi. Ancaq baş verən proseslər get-gedə suların artmasına və Yer Kürəsinin bölünməsinə səbəb oldu. Ancaq alimlər Yer Kürəsində gedən proseslərin səbəbini yalnız ötən əsrin 70-ci illərindən sonra anlamağa başladılar. Buna səbəb isə ötən əsrin 50-ci illərindən başlayaraq, Yer Kürəsində təbii fəlakətlərin bir-birini əvəz etməsi və istiləşmə nəticəsində iqlim dəyişikliklərinin baş verməsi oldu. Əvvəlcə alimlər bunu Yer Kürəsinin müxtəlif bölgələrində baş verən təbii proseslərlə əlaqələndirdilər. Ancaq bir neçə il sonra iqlim dəyişikliklərinin təsadüfi olmadığını gördülər. İqlim dəyişikliklərinin bəşəri fəlakətlərə yol açacağını görən dünyanın inkişaf etmiş ölkələri bunun səbəbini araşdıran elmi-tədqiqat mərkəzləri qurdular. 1997-ci il avqust ayının 14-də 145 dövlətin nümayəndəsi Almaniyanın Bonn şəhərində bir araya gəldi və qlobal istiləşmə ilə bağlı bəzi tədbirlərin nəzərdən keçirilməsini qərara aldı.
Onu da deyək ki, keçən əsrin 70-ci illərinin ortalarında aktuallıq qazanan qlobal istiləşmə prosesi tədricən təhlükəli bir amilə çevrilir. Məhz bu qlobal istiləşmə prosesinin nəticəsidir ki, qütblərdəki buz qatları sürətlə əriməkdədir. Bu isə okeanların suyunun get-gedə artması deməkdir.
1990-cı ildə qütblərdə buzların əriməsinin sübuta yetirilməsindən sonra iqlim dəyişikliyinin gətirəcəyi bəlalar ciddi şəkildə hamını narahat etməyə başladı. ABŞ, keçmiş SSRİ və Çindəki 747 meteoroloji stansiya gecələr istiliyin artdığını qeydə aldı. Araşdırmalar nəticəsində son 100 ildə Yer Kürəsində istiliyin 0,3-0,6 dərəcə artdığı məlum oldu.
Ancaq bu istiləşmə dünyanın hər yerində eyni deyil. Belə ki, dünyanın bəzi yerlərində qlobal istiləşmə özünü çox, bəzi yerlərində isə az hiss etdirir. Digər tərəfdən, qlobal istiləşməyə təbii proseslərlə yanaşı, inkişaf etmiş ölkələrin havaya buraxdıqları zəhərli tullantılar da öz təsirini göstərir.
19-cu əsrdə sənayeləşmənin sürətli inkşafı isə istiləşmə üçün katalizator oldu. Havada zəhərli qazların miqdarının ildən-ilə artması Yer Kürəsi üzərində “istixana effekti” əmələ gətirdi. Şəhərləşmənin sürətlə getməsi isə iri şəhərlər üzərində çirkli hava kütlələrinin toplaşmasına səbəb oldu. Hər il kosmosa buraxılan onlarla kosmik gəmi də qlobal istiləşmə prosesində az rol oynamadı.

İqlim dəyişkliyi nələrə səbəb olacaq?
Qlobal istiləşmə nəticəsində buzların əriməsi dənizin səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Məsələn, 2030-cu ildə qədər bu rəqəm təqribən 100 santimetr olacaq. Nəticədə, duzlu sular şirin suları sıradan çıxaracaq. Necə deyərlər, şirin su ən qiymətli nemət hesab olunacaq. Bu isə qiymətli heyvan növlərinin, qiymətli əkin sahələrinin sıradan çıxmasına səbəb olacaq. Yamyaşıl vadilər duzlu göllərə və ya susuz səhralara çevriləcək. Nəticədə, Yer Kürəsində tamam başqa bir mənzərə əmələ gələcək. Qlobal istiləşmə nəticəsində bəzi yerlərdə gölləşmə, bəzi yerlərdə isə səhralaşma prosesi gedəcək. Nəticədə, insanlar alternativ torpaq səhələri və ya alternativ kənd təsərrüfatı məhsulları üçün yollar axtaracaqlar. Eyni zamanda qlobal istiləşmənin artması insanların və heyvanların bir yerdən başqa yerə köçməsinə səbəb olacaq. Qlobal istiləşmə qütblərlə ekvator arasındakı münasibətlərə də təsir edəcək.
Qeyd edək ki, qütblərlə ekvator arasındakı istilik fərqini tənzimləyən başımız üzərindəki hava kütlələridir. Ancaq qlobal istiləşmə qütblərlə ekvator arasındakı təbii nizamlama prosesinin əks istiqamətdə getməsini sürətləndirəcək.
Digər tərəfdən, qlobal istiləşmə sahil ölkələri üçün də fəlakətlərə səbəb olacaq. Bu ölkələr su altında qalmaq təhlükəsi ilə üzləşəcəklər. Və qlobal istiləşmə nəticəsində bu ölkələrin böyük hissəsi su altında qalacaq. Beləliklə, iqlim dəyişikliyi gələcək nəsilləri çətin vəziyyətdə qoyacaq və onlar bu bəladan xilas olmaq üçün yollar axtarmaq məcburiyyətində qalacaqlar.

Şimal dəyişəcək
Və nəhayət, diqqəti cəlb edən digər vacib məsələ qütblərə yaxın ərazilərdə istilərin artmasıdır. İqlim dəyişikliklərinin qütbə yaxın ölkələrin coğrafi şəraitinə təsir edəcək. Məsələn, qlobal istiləşmə bu ölkələrə təsir edərək, orada əvvəllər isti ölkələrdə bitən bitkilərin bitməsinə səbəb olacaq. Soyuq qurşaqda yerləşən ölkələrdəki iqlim dəyişiklikləri əvvəllər buz altında olan torpaqlardan əkin üçün istifadə etməyə imkan verəcək. Bir sözlə, yaxın gələcəkdə planetimizdə tamam başqa bir mənzərənin şahidi olacağıq. Digər tərəfdən, bu, sivilizasiyamızın həyatında yeni və həlledici mərhələnin başlanğıcı olacaq. Belə ki, qədim kitabələrdə yazılanlara inansaq, vaxtilə iqlim dəyişikliyi nəticəsində qərbdən şərqə, şimaldan cənuba köç edən insanların indi geriyə dönüşü başlayacaq.
İqlim dəyişikliyi tədricən Antarktidaya da təsir edəcək. Antarktidada Qrenlandiyanın şimalını xatırladan iqlim bərpa olunacaq. Orada insanın yaşaması üçün ilkin şərait əmələ gələcək. Ancaq qütblərin yerini dəyişməsi uzun sürən bir proses olduğundan Antarktidanın yaşıl qitəyə çevrilməsi üçün ən azı 60-70 min il, bəlkə də daha çox lazım gələcək.

Və sonra yenidən buzlaşma...
Alimlərin fikrincə atmosferdə özünütəmizləmə prosesləri getdiyi üçün müəyyən dövrdən sonra qlobal istiləşməni qlobal soyuqlaşma əvəz edəcək. Çünki, atmosfer isindikcə okeanlardan nəzərdə tutulduğundan çox su buxarlanacaq. Buxarlanmış sular isə atmosfer qatında buludların çoxalmasına səbəb olacaq. Bu buludlar günəş şüalarının yer üzünə düşməsinin qarşısını alacaq və yeni buzlaşma dövrü üçün zəmin hazırlayacaq. İqlim dəyişikliklərinin növbələşməsi və ya qlobal istiləşmənin qlobal buzlaşmanı əvəz etməsi də təbii ki, uzun sürən bir porses olacaq.
Və nəhayət, iqlim dəyişikliklərinin insana kifayət qədər təsir göstərəcəyi şübhə doğurmur.
Onu da qeyd edək ki, qlobal istiləşmə ilə əlaqədar beynəlxalq aləmdə də müəyyən tədbirlər görülür. 1992-ci ildə BMT çərçivəsində keçirilən beynəlxalq konfrans da iqlim dəyişikliklərinə həsr edilmişdi. Bu konfransda iqlim dəyişikliyini sürətləndirən amillərin qarşısının alınması barədə çərçivə müqaviləsi imzalandı. Müqaviləni imzalayan ölkələr atmosferə zəhərli qazların buraxılmasını azaltmaq barədə öhdəlik götürdülər. Ancaq bu öhdəlik əksər dövlətlərin (xüsusilə də, iri dövlətlərin) heç biri tərəfindən yerinə yetirilmədi.
Bəzi alimlər iqlim dəyişikliyi ilə bağlı başqa alimlərdən nikibin görünürlər. Belə ki, onlar gələcəkdə alimlərin iqlim dəyişikliklərinin gətirə biləcəyi fəlakətləri azaltmaq imkanına malik olacaqlarını bildirirlər. Digər tərəfdən, onlar təbiətdə öz-özünü qoruma mexanizminin olduğunu da deyirlər.
Bəzi alimlər isə iqlim dəyişikliyi ilə bağlı o qədər də nikbin deyillər. Məsələn, hər hansi bir sivilizasiyanın 12 min ildən bir yenilənməsi prosesinə diqqət yetirən bu alimlər buzlaşma və istiləşmənin hələlik tam müəyən edilməyən dövrlər arasında bir-birini əvəz etdiyini söyləyirlər. Digər tərəfdən, onlar son vaxtlar gözlənilmədən planetimizin ətrafında əmələ gələn halqaları da iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Onlar həmçinin eni 15 kilometrə yaxın olan bu halqaların tərkibinin hələlik məlum olmadığını bildirirlər. Alimlərin şərh etmək istəmədikləri bu hadisə isə çox düşündürücüdür. Beləliklə, iqlim dəyişikliklərinin insanlara hələ çox sürprizlər bəxş edəcəyi istisna edilmir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top