Uşağınız dəcəldir, yoxsa...


Əksər valideynlər uşaqlarının dəcəl olmasından şikayət edirlər. Hətta bəzi valideynlər bu problemin öz uşaqlarında qarşısıalınmaz bir həddə çatdığını düşünürlər. Halbuki, belə uşaqların dəcəl olmasına çox vaxt bu valideynlər özləri səbəb olurlar. Ona görə də, belə valideynlər, ilk növbədə, uşaqlarını yox, özlərini dəyişdirməyə çalışsalar, daha yaxşı olar. Çünki bu valideynlər uşaqlarının demək olar ki, bütün hərəkətlərini məhdudlaşdırmağa çalışırlar. Onların dediyi olmadıqda isə həyəcan təbili çalmağa başlayırlar. Sonra da bu “həyəcanlarını” ifadə etmək üçün çox vaxt yüksək səs tonundan istifadə edirlər. Hətta onlar arasında müxtəlif cəzalara əl atanlar da az olmur.
Ən maraqlısı isə odur ki, belə valideynlər bir otaqdan başqa otağa oyuncaq aparmağı belə dəcəlliyin bir əlaməti hesab edirlər. Halbuki, uşaq oyununu oynadıqdan sonra oyuncaqlarını yığışdırırsa, burada həyəcan təbili çalmağa heç bir əsas yoxdur. Digər tərəfdən, belə sərt reaksiyalar mövcud vəziyyətdən asılı olaraq uşağın bəzi hallarda aqressiv, bəzi hallarda isə passiv böyüməsinə səbəb ola bilər.
Uşaqlara qoyulan yersiz məhdudiyyətlərin doğurduğu başqa bir təhlükə isə onların ailə ilə münasibətlərinin gərginləşməsidir. Əlbəttə ki, bu siyahıya stress, depressiya və s. kimi baqşa psixoloji halları da əlavə etmək olar.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top