
Böyük Britaniya hökuməti Kral III Çarlzın kiçik qardaşı Endryu Mountbatten Vindzorun kral taxt-tacı varisliyi siyahısından çıxarılması ilə bağlı parlamentə qanun layihəsi təqdim etməyi nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
20 fevralda dərc edilmiş “YouGov” sorğusuna görə, respondentlərin 82%-i bu addımı dəstəkləyir. Lakin bu, digər Birləşmiş krallıq dövlətləri ilə məsləhətləşmələr tələb edəcək və yalnız keçmiş York şahzadəsi ilə bağlı bütün araşdırmalar başa çatdıqdan sonra mümkün olacaq.
Endryu Mauntbatten-Vindzor 19 fevralda saxlanılıb və 11 saat sonra istintaq altında azadlığa buraxılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Kralın qardaşı ilə bağlı başqa bir araşdırma insan alveri ilə bağlıdır.
Qeyd edək ki, 2019-cu ildə Şahzadə Endryu “Epşteyn işi” ilə bağlı qalmaqala görə rəsmi kral vəzifələrindən istefa verməyə məcbur olub. 2022-ci ildə Kraliça II Yelizavetanın qərarı ilə şahzadə fəxri hərbi titullarından və bir neçə ictimai təşkilatın himayədarı rolundan məhrum edilib. 17 oktyabr 2025-ci ildə Şahzadə Endryu York hersoqu titulundan istifadəni dayandıracağını elan edib.
30 oktyabrda Bukinqem Sarayı Endryu doğulduğu zaman aldığı "Şahzadə" titulundan məhrum ediləcəyini elan edib. Bununla belə, o, taxt-taca varislik sırasında qardaşı oğlu, Kralın böyük oğlu Uels Şahzadəsi Uilyam və üç övladı, eləcə də ikinci qardaşı oğlu, Kralın kiçik oğlu Şahzadə Harri və iki övladından sonra səkkizinci yeri saxlayır.
Tətbiqimizi yükləyə bilərsiniz