FHN əməkdaşının vəziyyəti açıqlandı − Yenilənib


Ələt-Astara magistralında avtomobildə baş vermiş yanğını söndürərkən maşın vuran FHN əməkdaşının vəziyyəti qənaətbəxşdir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Bildirilib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunan 1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə zamanı bir FHN əməkdaşının həkiməqədər ölüm faktı qeydə alınıb.

***10:38
21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Yeniavaz.com-a FHN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, E.Tağıyevin həyati təhlükəsi yoxdur.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***10:13 
Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndinin ərazisindən keçən hissəsində yanan “Ford Tranzit” markalı yük avtomobilini söndürən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Yanğından Mühafizə Hissəsinin əməkdaşlarını “Ateco” markalı yük avtomobili vurub. Nəticədə, 1983-cü il təvəllüdlü Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Şahlar oğlu Piriyev hadisə yerində ölüb. Digər əməkdaş, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top