Yazı


(Həyat dərsi)  

Varlı olmaq istəyən bir gənc bu barədə kitab yazan bir alimin yanına getdi və ondan necə varlı olmaq lazım olduğunu soruşdu. Alim gəncə:
- Əgər çox istəyirsənsə, mən sənə necə varlı olmaq lazım olduğunu öyrədərəm, - dedi və ona bu nəsihətləri verdi:
- Əgər bir məsələdə hədəfinə köklənsən, diqqətin də o hədəfə köklənər və hədəfinə çatarsan. Həyatını hədəfsiz keçirsən, həyatın qərarsızlıq və qətiyyətsizlik içərisində keçər. Çünki onda sənin üçün hər şey vaxt öldürməkdən başqa bir məna İfadə etməz. Həm də çətinliklər qarşısında gücün qalmaz. Əgər hədəfin yoxdursa, sahib olduğun imkanların da bir mənası olmaz. Çünki bəndi olmayan bir çayın suyu boş yerə axar. Əgər həyatın zirvəsində olmaq istəyirsənsə, hədəflərinin bir siyahısını tut, onları bir kağıza yaz, hətta xəyallarının rəngbərəng tablolarını çək...
Gənc alimi diqqətlə dinlədi və:
- Bu dedikləriniz çox gözəldir, ancaq hədəflərimi kağıza yazmağımın mənim üçün heç bir mənası yoxdur. Çünki hədəflərim həmişə ağlımdadır, - dedi.
Alim nə qədər təkid etsə də, gənc hədəflərini yazmağı qəbul etmədi. Nəhayət alim:
- Yaxşı! - dedi, - Elə isə indi yan otağa keçək...
Gənc yan otağa girdi və qapı arxadan bağlandı. Otağa bir kompüter qoyulmuşdu və ekranda belə bir yazı yazılmışdı: “Bu otaq bir dəqiqə sonra partlayacaq!” Gənc bu yazını görən kimi vahiməyə düşdü. Və ilk işi qapıya üz tutmaq oldu. Ancaq qapı bağlı idi. Odur ki, qışqırmağa başladı. Səsinə heç kim gəlmədi. Bu dəfə qapını döyməyə başladı.
Bir tərəfdən də artıq ekranda saniyələr sıfıra doğru irəliləməyə başlamışdı: “58, 57, 56...” Gəncin vahiməsi daha da artdı. Qapının açılmadığını görüb pəncərəyə doğru qaçdı. Ancaq pəncərədə də dəmir barmaqlıqlar var idi. Saniyələr yenə də sıfıra doğru irəliləməkdə idi: “27, 26, 25...” Yenidən qapıya doğru üz tutdu. Var gücü ilə qapını yumruqlamağa və var səsi ilə: “Kömək edin! Kömək edin!”, - deyə qışqırmağa başladı. Saniyələr isə hələ də dayanmaq bilmirdi: “9, 8, 7...” Bu vaxt qapı açıldı və alim içəri girdi:
- Burada nə oldu? Bu nə səsdir? - deyə soruşdu.
Gənc:
- Tez buradan qaçaq. Bir az sonra bu otaq partlayacaq, - deyə qışqırdı.
Alim sakit bir şəkildə:
- Belə bir şey ola bilməz. Bu da haradan çıxdı? - deyə soruşdu.
Gənc həyəcanlı bir şəkildə kompüter ekranını göstərdi:
- Axı burada belə yazılır, - dedi.
- Demək, burada belə yazılır, - alim dedi, - Demək, yazı bu qədər vacibdir. Elə isə gəl qaçmağı bir tərəfə qoyaq və hədəflərimizi yazmağa başlayaq...

DİGƏR XƏBƏRLƏR

Top