
Son günlər Xəzər dənizi sahillərində canlıların kütləvi şəkildə tələf olması ilə bağlı görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda suitilərin, balıqların və digər dəniz canlılarının kütləvi ölümü əks olunur və bu hal ciddi narahatlıq doğurur.
Qeyd edək ki, Xəzər dənizinin müxtəlif ərazilərində vaxtaşırı belə kütləvi tələfat halları müşahidə edilir.
Xüsusilə narahatlıq doğuran məqam isə ondan ibarətdir ki, tələf olan növlər arasında nadir və qorunan canlılar da var. Xəzər suitisi artıq uzun illərdir təhlükə altında olan növlər siyahısındadır və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.
Bəs bu kütləvi tələfatın əsas səbəbləri nələrdir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı açıqlama verən ekoloq, professor Çingiz İsmayılov bildirib ki, belə halların başlıca səbəblərindən biri yoluxucu xəstəliklərin yayılmasıdır:
“Demək olar ki, hər il suitilər Xəzər dənizində kütləvi şəkildə tələf olur. Əvvəlki illərin analizlərinin nəticələri göstərir ki, bəzi hallarda suitilər arasında yoluxucu xəstəliklərin yayılması nəticəsində kütləvi tələfat baş verir. Eyni zamanda bilirik ki, Xəzər dənizində neft və qaz hasilatı ilə bağlı seysmik kəşfiyyat işləri aparılır. Bu canlılar əsasən dənizin şimal hissəsində məskunlaşdıqları üçün həmin ərazilərdə aparılan partlayışların onlara təsir etmə ehtimalı yüksəkdir. Bu da tələfatın ikinci mümkün səbəbidir. Üçüncü əsas amil isə dənizə çirkab suların axıdılmasıdır. Nəzərə alsaq ki, Xəzərə daxil olan suların təxminən 80 faizi Volqa çayı vasitəsilə gəlir, deməli, çirkab suların böyük hissəsi də məhz bu çayla daxil olur. Bu isə dənizdə yoluxucu xəstəliklərin yayılmasına səbəb olur”.

Çingiz İsmayılov
Ekoloq qeyd edib ki, problemin qarşısını almaq üçün ilk növbədə insan fəaliyyəti üzərində ciddi nəzarət gücləndirilməlidir:
“Biz fəaliyyətimizi elə qurmalıyıq ki, biomüxtəlifliyin azalmasına səbəb olmasın. Bunun üçün bu sahədə mütəmadi monitorinq işləri aparılmalıdır. Təəssüf ki, Xəzər dənizində ölkələrarası vahid monitorinq sistemi yaradılmayıb. Buna görə də hər bir Xəzəryanı ölkə öz sektorunda vəziyyətə görə ayrıca məsuliyyət daşıyır”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz