
“Amazon.com Inc.” 2025-ci ildə gəlir baxımından “Walmart Inc.”i geridə qoyaraq, ABŞ-nin ən böyük pərakəndə satış şirkəti olub.
Yeniavaz.com xəbər verir ki, “Walmart”ın 2025-ci il üçün illik gəliri 713,2 milyard dollar olub. “Amazon”un 2025-ci il üçün illik gəliri isə 716,9 milyard dollar təşkil edib.
Bununla da, “Walmart”ın 13 illik liderliyi sona çatıb.
“PYMNTS Intelligence”in məlumatına görə, “Amazon” ABŞ-də bütün pərakəndə satışların təxminən 9%-nə nəzarət edir. “Walmart”ın pərakəndə satışlardakı payı isə təxminən 7,6%-ni təşkil edir.
“Amazon”un bazar kapitallaşması 2,2 trilyon dollar, “Walmart”ın bazar kapitallaşması isə 995 milyard dollardır.
Qeyd edək ki, “Amazon” 1994-cü ildə Ceff Bezos tərəfindən onlayn kitab mağazası kimi təsis edilib. Şirkət o vaxtdan bəri aparıcı onlayn pərakəndə satış şirkəti, bulud xidmətləri təminatçısı və süni intellekt texnologiyası təminatçısına çevrilib. “Amazon” həmçinin, öz elektron cihazlarını, geyimlərini və qida məhsullarını istehsal edir, yayım xidmətinə sahibdir, filmlər və seriallar istehsal edir.
“Walmart” isə 10 000-dən çox mağazası ilə dünyanın ən böyük ənənəvi pərakəndə satış şirkətidir.
Tətbiqimizi yükləyə bilərsiniz