Britaniya ABŞ-nin İrana hücum üçün bazalarından istifadə etməsinə icazə vermədi


Böyük Britaniya ABŞ-nin İrana hücum etmək üçün hərbi bazalarından istifadə etməsinə icazə verməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton İrana qarşı hərbi əməliyyat üçün ətraflı planlar hazırlayır. Bu planlar Hind okeanında yerləşən Dieqo Qarsiya adasındakı birgə Britaniya-Amerika bazasından, həmçinin, ABŞ-nin Avropadakı ağır bombardmançı təyyarələrinin yerləşdiyi İngiltərənin Qlosterşir qraflığındakı “Ferford” aviabazasından istifadəni əhatə edir.
“The Times” qəzetinin məlumatına görə, London hələlik Amerikanın İrana hücumunun beynəlxalq hüququ pozacağından ehtiyat etdiyi üçün, bu obyektlərdən istifadəyə icazə verməyib.
Nəşr qeyd edib ki, Britaniya hökumətinin mövqeyi ABŞ Prezidenti Donald Trampı hiddətinə səbəb olub və o, 18 fevralda Böyük Britaniya ilə Mavriki arasında Çaqos arxipelaqı üzərində suverenliyin təhvil verilməsi ilə bağlı müqaviləni açıq şəkildə tənqid edib.
Belə ki, saziş 22 may 2025-ci ildə imzalanıb, lakin hələlik Britaniya Parlamenti tərəfindən təsdiqlənməyib. Saziş Dieqo Qarsiya üzərində Britaniya-Amerika hərbi bazasının 99 il saxlanılmasını nəzərdə tutur. Sazişə əsasən, Böyük Britaniya Mavrikiyə ildə 100 milyon funt sterlinqdən (135 milyon dollar) çox pul ödəyəcək və eyni zamanda xarici təhlükəsizlik qüvvələrinin xarici adalarda olmasına ciddi qadağa qoyacaq.
Qeyd edək ki, Çaqos arxipelaqı Mavriki adalarının qalan hissəsi ilə birlikdə Britaniya müstəmləkəsi olub. Lakin 1965-ci ildə London arxipelaqı ayrıca inzibati vahid elan edib. Üç il sonra respublika müstəqillik qazanıb, lakin Çaqos krallığın nəzarəti altında qalıb. 1966-cı ildə ABŞ Dieqo Qarsiyanı icarəyə götürüb və orada aviabaza tikib. Arxipelaqın bütün 1500 sakini deportasiya edilib. 2017-ci ildə Mavriki bu məsələ ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsindən ekspert rəyi alıb. 2019-cu ilin fevral ayında Mavrikinin lehinə qərar verilib. Bu isə bazanın fəaliyyətini davam etdirməsini sual altında qoyub.

DİGƏR XƏBƏRLƏR

Top