“Taliban” ərlərin arvadlarını döyməsinə icazə verdi – “Daily Mail”


“Taliban” hərəkatı Əfqanıstanda qadınlara qarşı zorakılığı qanuniləşdirən yeni qanunvericilik aktı qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Hərəkat tərəfindən elan edilən yeni cinayət məcəlləsinə əsasən, ərlərə ağır xəsarət yetirməmək şərti ilə arvadlarına qarşı fiziki güc tətbiq etməyə icazə verilir.
“Taliban”ın ali lideri Hibatullah Axunzadə tərəfindən təsdiqlənmiş 90 səhifəlik məcəllə, cinayətkarın sosial statusuna əsaslanan fərqli cəza sistemini təqdim edir.
Məcəllənin 9-cu maddəsi Əfqanıstan cəmiyyətini dörd kateqoriyaya bölür: dini liderlər (üləma), elit nümayəndələr (əşrəf), orta təbəqə və aşağı təbəqə.
Mütəxəssislərin fikrincə, belə bir təsnifat, mahiyyət etibarilə, “azad” və “kölə” arasındakı bölünmənin bərpa olunduğu və qadınların faktiki olaraq kölələrlə bərabərləşdirildiyi iyerarxik bir sistem yaradır.
Məcəllənin mətnində “kölə ağalarına”, xüsusən də ərlərə arvadlarına və ya tabeliyində olanlara qarşı fiziki cəza tətbiq etməyə icazə verən müddəalar var.
Lakin cinayət ruhani və ya elit təbəqənin üzvü tərəfindən törədilibsə, cəza xəbərdarlıq və ya məhkəməyə çağırışla məhdudlaşır.
Orta təbəqənin üzvləri üçün oxşar cinayət həbs cəzası ilə nəticələnə bilər, "aşağı təbəqə" üçün isə həm fiziki cəza, həm də həbs cəzası nəzərdə tutulur.
Cinayət məcəlləsi artıq ölkə məhkəmələrinə göndərilib. Məcəllə dünya miqyasında insan haqları müdafiəçiləri və fəalları tərəfindən tənqid və qəzəblə qarşılanıb.
Qeyd edək ki, “Taliban” daha əvvəl Əfqanıstandakı universitetlərdə qadınlara məxsus kitabların satışını qadağan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top