
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu ilə “The Event Company” MMC (VÖEN: 1007746921) arasında satınalma müqaviləsi imzalanıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə, “The Event Company” MMC Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında Ramazan bayramı ilə əlaqədar Türkiyə və Gürcüstanda iftar süfrələri təşkil edəcək və qarşılığında 363 min 646 manat 80 qəpik alacaq.
Məlumat üçün bildirək ki, ötən il baş tutan analoji satınalma üzrə Fond “Laguna Group” MMC ilə müqavilə imzalamışdı. Ötənilki müqavilənin dəyəri 198 min 948 manat olmuşdu.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “The Event Company” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Fərman Məlikov küçəsi, ev 2V, m. 44-də yerləşir. Qanuni təmsilçisi isə Mikayılov Müşfiq Səhrab oğludur.
Onu da bildirək ki, “The Event Company” MMC-nin hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən 9 min 846 manat 55 qəpik vergi borcu mövcuddur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz