
SOCAR bu gün Tbilisi şəhərində Cənubi Qafqaz regionunda ilk tam elektrik enerjisi ilə işləyən doldurma stansiyasını istifadəyə verməyi planlaşdırır.
Yeniavaz.com BMG agentliyinə istinadən xəbər verir ki, yeni stansiya yalnız elektrikli nəqliyyat vasitələri üçün nəzərdə tutulub.
Bildirilir ki, stansiya dörd şarj cihazı ilə təchiz olunub və eyni vaxtda altı elektrik avtomobilinin doldurulmasına imkan verir. Onlardan ikisi 120 kVt gücündə sürətli şarj rejimində işləyərək dörd avtomobili təxminən 40 dəqiqəyə tam doldura bilir. Stansiya qismən günəş enerjisi ilə işləyəcək.
Məlumata görə, Gürcüstanda elektrikli nəqliyyat vasitələri bazarı sürətlə böyüyür. Proqnozlara əsasən, ölkədə elektrik avtomobillərinin sayı 2025-ci ildəki 17 min ədəddən 2030-cu ilə qədər 70-80 minə çatacaq.
Qeyd olunub ki, hazırda SOCAR-ın 15 doldurma stansiyasında elektrik avtomobilləri üçün şarj məntəqələri fəaliyyət göstərir və şirkət bu şəbəkəni genişləndirməyə davam edir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz