Tramp Rusiyaya qarşı sanksiyaları bir il də uzatdı


ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş sanksiyaların müddətini bir il də uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Federal Reyestrdə təqdim edilən bildirişdə öz əksini tapıb.
Sənəddə ABŞ-nin 46-cı prezidenti Co Baydenin administrasiyası tərəfindən 2022-ci ilin fevral ayında, Tramp administrasiyası tərəfindən 2018-ci ilin sentyabr ayında (ilk prezidentlik müddəti ərzində) və ABŞ-nin 44-cü prezidenti Barak Obamanın administrasiyası tərəfindən 2014-cü ilin mart və dekabr aylarında Krımla bağlı Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən bəhs olunur.
Vaşinqton administrasiyasının rəhbəri bildirib ki, bu sərəncamlarda nəzərdə tutulan hərəkətlər və siyasətlər ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət maraqları üçün qeyri-adi və fövqəladə bir təhdid yaratmaqda davam edir.
“Buna görə də, 13660 nömrəli İcra Fərmanında elan edilmiş sanksiyaları bir il müddətinə uzadıram”, - deyə Amerika lideri əlavə edib.
Qeyd edək ki, 2014-cü ilin mart ayında Vaşinqton Ukraynadakı hadisələr və Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bu sanksiyalar bir sıra Rusiya banklarını və şirkətlərini, iri sahibkarları, Rusiyanın və Ukraynanın keçmiş hökumətinin yüksək vəzifəli şəxslərini hədəf alıb. Sanksiyalar dəfələrlə genişləndirilib və uzadılıb. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra məhdudiyyətlər əhəmiyyətli dərəcədə sərtləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top