“Uşaqlar yalnız ailədən deyil, yaşadıqları mühitdən də tərbiyə alırlar”


“Övladınızın harada, kimlə və necə vaxt keçirdiyini bilin, onların rəqəmsal mühitdəki fəaliyyətinə nəzarət edin”.
Yeniavaz.com
xəbər verir ki, Daxili İşlər Nazirliyinin valideynlərə ünvanladığı bu çağırış gündəlik həyatda aktual olan bir məsələni yenidən diqqət mərkəzinə gətirir.
Uşaqlar gün ərzində müxtəlif mühitlərdə olurlar – bağçada, məktəbdə, küçədə və digər məkanlarda. Bu müddətdə onlar fərqli insanlarla ünsiyyət qurur, vaxtlarını müxtəlif şəkildə keçirirlər. Lakin bu prosesin böyük hissəsi valideyn nəzarətindən kənarda baş verir. Problemin kökü də məhz burada dayanır: əksər hallarda valideynlər yalnız son nəticə ilə qarşılaşır, həmin nəticəni formalaşdıran sosial çevrəyə isə kifayət qədər diqqət yetirmirlər.
Bəs uşağın kimlə vaxt keçirdiyi niyə önəmlidir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan psixoloq Fəridə Musavi bildirib ki, sosial mühit uşaq üçün çox əhəmiyyətlidir:
“Uşaqlarda təqlid etmə meyli daha güclü olur. Uşaq bir insanla dostluq edirsə və ya bir çevrə ilə sosiallaşırsa, orada nəyin təbliğ olunduğuna, hansı davranışların tez-tez təkrarlandığına valideynlər diqqət yetirməlidir. Çünki uşaq orada gördüklərini təkrarlayacaq və bu davranışların onun xarakterinə çevrilmə ehtimalı heç də az deyil”.
Psixoloq qeyd edir ki, müəllimin uşağa münasibəti də onun davranışına birbaşa təsir edir:
“Valideynlər uşağı bağçaya qoyarkən bağçadakı digər uşaqların davranışlarına və eyni zamanda müəllimlərin uşaqlarla münasibətinə də diqqət yetirməlidir. Biz çox vaxt yalnız uşağı nəzərdə tuturuq, amma nəzərə almalıyıq ki, uşaq vaxtının böyük hissəsini evdən kənarda – bağçada və məktəbdə keçirir. Buna görə də orada gördüyü davranışları mənimsəyir və təkrarlayır. Müəllimin istiqamətləndirməsi də mühüm rol oynayır”.
Uşaq psixoloqu Aygül Məlikova isə bildirib ki, uşaqların kimlə, harada və necə vaxt keçirməsi çox önəmlidir:
“Çünki uşaqlar yalnız ailədən deyil, eyni zamanda yaşadıqları mühitdən də tərbiyə alırlar. Ətrafdan aldıqları təsirlər isə təbii olaraq onların xarakterinə, xüsusiyyətlərinə və düşüncə tərzinə yansıyır. Bu da onların verdiyi qərarlara və davranışlarına birbaşa təsir göstərir. Ümumilikdə, uşaqlarda doğru və yanlış anlayışı tam formalaşmadığı üçün, müəyyən zamanlarda verdikləri qərarların həmin an üçün doğru olduğunu düşünə bilər və bu düşüncə ilə hərəkət edərlər. Nəticədə, həyatlarında etdikləri yanlışlardan təcrübə qazanırlar. Lakin bəziləri bu təcrübələrdən nəticə çıxarmaq istəmir və yanlış olduğunu bildiyi halda eyni qərarları təkrar etməyi seçir”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top