Ramazanda necə düzgün qidalanmalı? – Ən çox edilən səhvlər


Ramazan ayında düzgün qidalanma sağlamlığın qorunmasının əsas şərtlərindən biridir.
Yeniavaz.com
xəbər verir ki, bu ay yalnız mənəvi təmizlənmə dövrü deyil, həm də orqanizmin ciddi sınaqdan keçdiyi bir mərhələdir.
Gün ərzində uzun müddət ac və susuz qalmaq bədənə təsirsiz ötüşmür. Buna görə də iftar və sahurda düzgün qidalanma vərdişlərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Bəs Ramazan ayında düzgün qidalanmaq üçün nələrə diqqət yetirilməlidir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Asim Vəliyev bildirib ki, iftarda həzmi yükləməmək əsas vacib şərtlərdəndir:
“İftarı bir anda çox yeməklə açmaq ən çox təkrarlanan səhvlərdəndir. Uzun müddət ac qalan mədə böyük porsiyanı birdən qəbul etdikdə köp, yanma, ağırlıq və halsızlıq yarana bilər. Daha rahat üsul mərhələli başlamaqdır. Əvvəl su içmək, istəyə görə 1–2 xurma yemək, yüngül şorba ilə davam etmək, sonra qısa fasilə verib əsas yeməyə keçmək daha yaxşıdır. Namaz qılanlar isə əsas yeməyə keçməzdən əvvəl axşam namazını qılaraq qısa ara verə bilərlər. Bu fasilə bədəndə tələskənlik hissini azaldır və toxluq siqnalının çatmasına vaxt verir”.
Asim Vəliyev qeyd edib ki, iftarda ikinci böyük problem çox yağlı və çox şirin qidaların əsas rola keçməsidir:
“Qızartmalar, ağır xəmir yeməkləri, yağlı kabablar və ardınca şirniyyat həzmi çətinləşdirir. Üstəlik, şəkər sürətlə qalxıb tez düşdükdə az sonra yenidən aclıq hissi yarana bilər. Şirniyyatı tam qadağan etmək də düzgün deyil. Sadəcə vaxtı və miqdarı vacibdir. Bir çox insan şirniyyatı iftardan dərhal sonra deyil, bir qədər sonra və kiçik porsiya ilə qəbul edir və bu zaman daha yüngül keçir. Duzlu və qızartma yeməklərə diqqət etmək lazımdır. Duz çox olduqda susuzluq artır. Qızartma isə həm kalorini yüksəldir, həm də mədəni yora bilər. İftar süfrəsinin əsasını sobada, qaynadılmış və ya buğda hazırlanmış yeməklər təşkil etdikdə orqanizm adətən daha rahat reaksiya verir”.

Asim Vəliyev

Mütəxəssis əlavə edir ki, susuzluğu qazlı və şəkərli içkilərlə aradan qaldırmaq ən böyük səhvlərdəndir:
“Susuzluğu qazlı və şəkərli içkilərlə yatırmaq ən böyük yanlışlardandır. Bu içkilər suyu əvəz etmir. Su ən sadə, amma ən effektiv seçimdir. Ən yaxşısı suyu iftarla sahur arasında hissə-hissə içməkdir. Çay və kofe tam qadağan deyil, lakin çox qəbul edildikdə bəzi insanlarda susuzluğu artıra bilər”.
Asim Vəliyev bildirir ki, sahurdan imtina gün ərzində enerji çatışmazlığı yaradır:
“Sahuru buraxmaq da çoxlarının etdiyi səhvlərdəndir. Sahursuz gün daha ağır keçir. Günorta enerji düşür, baş ağrısı, əsəbilik və həddindən artıq aclıq hissi arta bilər. Sahurda məqsəd mədəni yormadan uzun müddət tox qalmaqdır. Buna adətən zülallı, lifli və bir qədər faydalı yağlı qidalar kömək edir”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top